Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefasından 1 ay ötəcək. Ötən müddətdə bölgədə hadisələr sürətlə biri-brini əvəz edib. Prezidentin təyin etdiyi kadrlar Naxçıvandakı vəziyyəti araşdırır, əhali ilə görüşlər keçirir, problemləri, şikayətləri dinləyir, bölgənin inkişafı ilə bağlı yeni layihələr hazırlayırlar.
Talıbovlarsız keçən günlərin ən səs-küylü xəbərləri isə onların dövründə yerli əhaliyə, xüsusən sahibkarlara qarşı törədilmiş dəhşətli qanunsuzluqlarla bağlıdır.
Vaxtı ilə əmlakları quldurluq, zorakılıq, hətta adam oğurluğu vasitəsi ilə əllərindən alınmış iş adamlarının danışdıqları Azərbaycanın bu bölgəsində misli görünməmiş cinayətlərin baş verdiyinə dair təsəvvür yaradır.
Bu yaxınlarda “"Flaminqo” restoranının sahibi Cəmil Fərəcov, “Badamlı” mineral sular zavodunun sahibi Elşad Məmmədov mətbuata əmlaklarının quldurluq yolu ilə əllərindən alınmasının təfərrüatını açıqlayıblar. Təkcə bu iki mütəşəkkil cinayətkarlıq hadisəsi Naxçıvanın keçmiş rəhbərliyinin, onunların göstərişlərini yerinə yetirən şəxslərin Cinayət Məcəslləsinin 10-15 maddəsi ilə cəzalandırılmalı olduğunu təsdiq edir.
Ötən 1 aya yaxın müddətdə hüquq-mühafizə orqanları ictimailəşdirilən bu faktlar, habelə vətəndaşlar tərəfindən edilən şikayətlərlə bağlı hansı tədbirlər görüblər?
Konkret adlar çəkilir, etiraflar səsləndirilir. Talıbovların cinayətləri demək olar ki, açıqdır, hər şey ortadadır, amma hüquqi prosedurlara hələ ki, start verilməyib...
Ortaya çıxan iddialardan belə məlum olur ki, sahibkarlara qarşı həyata keçirilən mütəşəkkil cinayətkarlıq hadisələrində həmin dövrdə Azərbaycan hüquq mühafizə orqanlarının bəzi əməkdaşları da iştirak edib.
Xüsusən, Talıbov rejimin təqib etdiyi şəxslərin polisə çağırılması, Naxçıvandan göndərilən banda üzvlərinə təhvil verilməsi halları baş verib.
“Flaminqo” restoranının sahibi məhz onların əli ilə Naxçıvana girov göndərildiyini açıqlayıb. Bu fakt keçmiş Daxili işlər naziri Ramil Usubovla Vasif Talıbov arasında möhkəm dostluq tellərindən xəbər verir. Belə məlum olur ki, Talıbovların sifariş etdiyi istənilən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq onlara təhvil verilib. Bu iddialar doğrudursa, nonensdir.
Eləcə də keçmiş Baş prokuror Zakir Qaralov da Vasif Tallıbovla isti, daha da konkretləşdirsək, tabeli münasibətlərə malik olub.
Mötəbər mənbələr bildirirlər ki, Qaralov ölkədə baş verən səs-küylü olaylar, iri miqyaslı cinayət hadisələrinin istintaqı ilə bağlı müntəzəm olaraq Vasif Talıbova məruzələr edirmiş.
Qaralovdan sonrakı dövrdə prokurorluq orqanlarında geniş islahatlar həyata keçirilib, kadrlar dəyişdirilib, bu quruma ictimai etimad xeylı möhkəmlənib. Qarşıdakı günlərdə bu qurum Naxçıvanda baş vermiş və ictimailəşdirilmiş cinayət faktları ilə bağlı hərəkətə keçə bilərmi?
Bu barədə Baş Prokurorluğa ünvanladığımız sorğunun cavalandırılacağı bildirilib.
Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, əgər cinayət əməlləri barədə mətbuatda məlumatlar gedirsə və onlar haqqında açıqlamalar verilirsə, bu hallar hüquqi araşdırmaların aparılmasını zəruri edir: “İndiki halda Vasif Talıbovun Naxıçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olduğu dövrdə törədilən hüquq pozuntuları ilə bağlı araşdırmalar aparılmalı və cinayət əməli ehtimalı yaradan hər bir fakt üzrə cinayət işi başlanmalıdır. İndiki halda Naxçıvan MR-də baş vermiş qanun pozuntuları barədə açıqlamalardan belə qənaətə gəlmək olar ki, bu qanun pozuntuları əsasən, vəzifəli şəxslər tərəfindən törədilən korrupsiya əməllərdir. Ona görə də bu işlərin hər biri Baş Prokur yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalı və qanuna müvafiq tədbirlər görülməlidir”.
Rasim Əiiyev
“AzPolitika.info”