Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov mediaya açıqlamasında bildirib ki, əvvəlki illərdə elmi ad və dərəcələrin verilməsi ilə bağlı xeyli boşluqlar olub və aidiyyəti olmayan şəxslər bu vəziyyətdən sui-istifadə ediblər: “Son illərdə elmi nüfuzdan salan alimlərimiz oldu. Plagiatla məşğul olanlar, bu adlara layiq görülmək istəyən şəxslərə elmi işləri yazanlar da ortaya çıxdı. Hesab edirəm ki, son dəyişikliklərdən sonra təsadüfi insanları elmə yaxın buraxmayacağıq. Bəzən Ali Attestasiya Komissiyası bürokratik qurum xarakteri daşıyır. Əslində elmi adları, dərəcələri ayrı-ayrı universitetlər özləri verməlidir. Lakin Azərbaycanda hələlik bu praktika yayılmayıb. Bu praktikanın yayılmamasının səbəbi həm də bizim elmi müəssisələrimizə bir inamsızlıq, etimadsızlıqdan irəli gəlir. O səbəbdən indiki şəraitdə Ali Attestasiya Komissiyasını qurum olaraq saxlamaqla orada sağlamlaşdırma işləri aparmaq lazımdır”.
İlqar Orucov
Ekspert onu da bildirib ki, Azərbaycan alimlərinin məqalələrinə elmi istinadlar həddindən artıq zəifdir, alimlərin beynəlxalq səviyyədə məqalə yazmaq bacarığı yoxdur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-2022-ci tədris ili üçün ölkədə professor-müəllim heyətinin sayı 14393 nəfər təşkil edir. Niyə hökumət elmi ad almağı çətinləşdirdi? Səbəb yalnız onlara verilən yüksək məvacibdirmi? Bəs niyə bu qədər alim arasında bir nəfər də olsun Nobel alan yoxdur?
Əhməd Qəşəmoğlu
Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, daha əvvəl də doktorluq müdafiə etmək xeyli çətinləşdirildi, amma təcrübə göstərdi ki, bu, işin xeyrinə olmadı: “Yeni dəyişikliklərlə hələ ki tanış deyiləm. Amma əsl, həqiqi elmlə məşğul olan adamlara böyük maneələr yarandı. Hayla-küylə ona-buna yazdıranların elmi dərəcə almaq işi daha da asanlaşdı. Həqiqi elmlə məşğul olan, tanıdığım xeyli adamlar var ki, onlara xaricdə professor adı belə verilib, amma Azərbaycanda müdafiə edə bilmirlər. Çünki süni maneələr xeyli çoxdur”.
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı deyib ki, son 10-12 il ərzində bəzi millət vəkilləri, tanınmışlar elmi adları daha asan alırdılar: “Halbuki bəzilərinin elmi araşdırmaları yox, elmi ad almaq üçün müdafiə etdikləri sənədlərdən hər hansı məlumatları yoxdur. Təəssüf ki, Elmlər Akademiyasında da belə halların olması ilə bağlı uzun illər idi ki, söhbət gedirdi. Dövlət başçısının müvafiq sərəncamı əsasında AMEA-nın tabeliyində olan bəzi institutlar Elm və Təhsil Nazirliyinə verildi. Artıq bu istiqamətdə ciddi islahatların olacağı gözləniləndir. Bəzən görürük ki, elmi ad almış professorları beynəlxalq miqyasda kimsə tanımır. Biz ümumi fəxri adları alanların ümumi siyahısına baxsaq, çox cüzi hissəsi bu ada layiqdir. Əlbəttə, biz də istərdik ki, alimlər ən azı Nobelə namizəd olaraq irəli sürülsünlər. Amma faktiki görünən odur ki, bizim bir çox elmi ad almış şəxslərin içərisində böyük əksəriyyəti öz sahəsi üzrə peşəkar deyil. Sadəcə quru bir elmi ada var. Bu da dövlət büdcəsindən onun üçün nəzərdə tutulan əmək haqqına xidmət edirdi. Yəni bizdə elmi adların alınması maliyyə imkanlarının yaxşılaşdırılmasına hesablanmış addımdır. Elmi istiqamətdə hər hansı nailiyyətin qazanılmasına deyil”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov dedi ki, hazırda Azərbaycan elminin vəziyyəti beynəlxalq reytinqdə ürəkaçan deyil: “Dünya elmində gedən proseslər bizim də qarşımızda yeni çağırışları hədəf kimi qoyur. Hazırda 51 universitet var. Onlar dövlət, publik, özəl və xüsusi təyinatlı universitetlərə ayrılır. SCImago Ölkə Rank-na görə 242 ölkə arasında 1996-2021-ci illərin H indeksinin statistikası əsasında ABŞ 2711 xalla 1-ci, Çin 1112 xalla 2-ci, Böyük Britaniya 1707 xalla 3-cü və Azərbaycan 138 xalla 94-cü yerdə qərarlaşıb. İqtisadi inkişafı və neftdən gələn maliyyə vəsaitlərini nəzərə alanda bu çox aşağı nəticə kimi görünür. Daha dərindən araşdırsaq, Dünya Alimləri və Universitetlərin Reytinqi 2022-ci ilin nəticələrinə əsasən deyə bilərik ki, 15.939 universitetdən 1.037.825 alim arasında H (hirş) indeksinə görə dünyanın ən yaxşı tədqiqatçı alimi (sitatlara görə) Cənubi Koreyalı HJ Kim-dir. Azərbaycan 315 alimlə 32243-1036896 yerləri paylaşır.
Clarivate (Web of Science) elmi bazasına əsasən Azərbaycan 224 ölkə içərisində 119-cu yerdə qərarlaşıb. Coğrafi cəhətdən yaxın ölkələr arasında qardaş ölkə Türkiyə 16, Rusiya 34, Ukrayna 56, Gürcüstan 99-cu yerdədir. Qeyd etmək yerinə düşərdi ki, Papua-Yeni Qvineya, Zimbabve, Yamayka və s. bizdən daha yaxşı yerləri tutub. Clarivate (Web of Science) elmi bazasının statistikasına əsasən Braziliyanın Sao Paulo Universiteti 14201 tədqiqatçının 225679 məqaləsi ilə siyahıya başçılıq edir. Azərbaycan universitet/institutları isə 2306-51964 yerləri paylaşır. Bu siyahını genişləndirmək də olar. Hazırda ölkəmizdə 20.522 tədqiqatçının ümumi olaraq son 30 ilin göstəricilərinə əsasən beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayı 10.215 təşkil edir. Bu isə 2 alim/tədqiqatçıya 1 məqalə deməkdir və bu 10.215 məqalədən BDU-nun payına düşən məqalə sayı isə 2459-dur".
Ekspert əlavə edib ki, Times Higher Education (THE) - WUR 2022-ci il nəticələrində 99 ölkənin 1600 universiteti arasında Azərbaycan unversitetlərindən yalnız Bakı Dövlət Universiteti 1201 sırasına düşə bilib: "Bu reytinqə düşmək üçün BDU son 5 ildə 1064 məqalə (son 30 ildə 2459 rəqəmi) ilə düşə bilib. Bu məqalələri diqqətlə araşdırdıqda mütləq əksəriyyəti AMEA-nın tədqiqat institutlarının əvəzçi və ya saat hesabı müəllimlərin hesabına ərsəyə gəldiyinə şahid oluruq. Gürcüstan Respublikasından 2 universitet siyahıya daxil ola bilib. Bunlar Tiflis Dövlət və İlya Dövlət Universitetləri olub. Times Higher Education (THE) - WUR 2022-ci il nəticələrinə görə siyahıya Oksford Universiteti son 5 ildə 320.645 məqalə ilə düşə bilib. UNEC-in bazasında 300 məqalə var idi.
Elmi araşdırma və nəticələrə nəzər salsaq, Clarivate (Web of Science) elmi bazasına əsasən, Azərbaycan 224 ölkə içərisində 119-cu yerdə qərarlaşıb. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) “dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərini (bazalari)” də asanlıqla görə bilərik. Adları qeyd edilən bazalara dəqiq elmləri daxil etməsək, digərlərində məqalə çapının qiyməti 800-3000 ABŞ dolları arasında dəyişir. Təbii ki, bunu ödəmək 300-500 ABŞ dolları arasında əmək haqqı alan tədqiqatçı, professor üçün çətinlik yaradır. Bəzi ödənişsiz jurnallar var ki, onlarda məqalə çap etdirmək illər alır. Bəs Azərbaycanda çap olunan elmi jurnalların neçəsi bu bazalarda var və ya vəziyyəti necədir?
Ölkəmizdə 184 elmi jurnal fəaliyyət göstərir. Onlardan 11-i beynəlxalq jurnal hesab edilir. ATM-lərin 90%-nin jurnalları beynəlxalq tələbləri ödəmir. Sual oluna bilər ki, niyə 30 ildə onlar bu işləri görə bilməyib?
Clarivate Analytics 2021-ci ilin hesabatına əsasən Azərbaycandan 11 jurnaldan 2 -si Q1, 2-si Q2, 1-i Q3, 5-IQ4 səviyyəsində qiymətləndirilir və bu jurnalların içərisində cəmi 2 ATM var. Bunlar Bakı Ali Neft Məktəbi və Azərbaycan Universitetidir. Qonşu ölkələrdə bəs vəziyyət necədir? Türkiyədə bu jurnalların sayı 50, Rusiya Federasiyasında 50, Gürcüstanda 6, Qazaxıstan Respublikasında bu say 7-dir. Bu ölkələrdə ATM-lərin payı yaxşıdır.
Digər baza olan SCimago-nun 2022-ci il hesabatına əsasən Azərbaycandan 8 elmi jurnal bazaya daxil ola bilib. Burada isə ATM-dən BDU, AU, BANM, AİU (UNEC), ADNSU, qalanları isə AMEA-nın müxtəlif institutlarının elmi jurnallarıdır. Burada geriləmə var. Türkiyədə say artaraq 81, Rusiya Federasiyasında 149, Gürcüstanda rəqəm dəyişməyib, Qazaxıstanda isə 2 dəfə artım müşahidə olunur. Göründüyü kimi qonşu ölkələrdə elmi jurnalların sayı elmmetrik bazalarda artdığı halda, bizdə azalıb. Bu göstəricilər onu deməyə əsas verir ki, bu gün elmi mərkəzlərdə olan baryerlər ciddi şəkildə insanların elmə marağı azaldır".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
P. S. Görəsən, AAK-ı sağlamlaşdırmaq deyərkən İlqar Orucov nəyi nəzərdə tutur? Ölkədə 14 mindən çox elmi ad alan var, amma bir dənə də olsun elmi kəşf və ixtira yoxdur!