7-ci arvadını və nənəsini öldürmək istəyən şəxs hakim qarşısında 

 

Lənkəranda arvadını və onun nənəsini bıçaqlayaraq öldürmək istəyən Əhədov Hikmət Fikrət oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yanvarın 19-na təyin olunub.

Qeyd edək ki, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində arvadı, 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyi nəticəsində hər üçünün həyatını xilas etmək mümkün olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Natiq

0.15954208374023