Savaşın növbəti mərhələsi - Qərb tankları gəlir

 

Böyük Britaniya ilk dəfə olaraq Ukraynaya tank tədarük etməyi düşünür.

Musavat.com xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb.

“Bir neçə həftədir ki, Britaniya ordusunun əsas döyüş tankı sayılan “Challenger 2”nin Ukraynaya tədarükü ilə bağlı danışıqlar aparılır”, - deyə portalın mənbələri bildirir.

Tankların çatdırılması Qərbin Ukraynaya dəstəyində əhəmiyyətli bir addım olacaq, lakin Britaniya hökuməti hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib. Qeyd olunur ki, Böyük Britaniya Ukraynaya 10-a yaxın “Challenger 2” tankı təklif edə bilər.

“Challenger 2” 1994-cü ildən Britaniya ordusunun xidmətindədir. Bu döyüş maşını digər tanklara hücum etmək üçün nəzərdə tutulub. Britaniya ordusunun məlumatına görə, o, Bosniya və Herseqovina, Kosovo və İraqda effektivliyini göstərib.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq “Svenska Dagbladet” saytına müsahibəsində Ukraynanın “Leopard” və “Abrams” kimi ağır tanklarla təchiz olunmasını istisna etmədiyini söyləyib.

0.13672494888306