Suraxanı rayonunda tanışını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Rza Bayramovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, Binə qəsəbə sakini Rza Bayramov münaqişə zəminində Elşən Qafarovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da onun artıq öldüyü məlum olub.
Hadisəni törətdikdən sonra Rza Qafarov polisə gələrək könüllü təslim olub.
İş üzrə dindirilmiş Rza Bayramov bildirib ki, avqustun 30-u günorta saatlarında qonşusu Müşfiq Novruzovla Binə qəsəbəsində kafedə oturublar. Təxminən 1 saatdan sonra ora Elşən Qafarov və İlham Bayramov gəliblər. Araq içən kimi Elşən artıq-əskik danışmağa başlayıb. Tanışları İ.G-nın (ad soyad şərtidi) şərəfsiz olduğunu bildirərək barəsində nalayiq ifadələr işlədib.
Rza müdaxilə etdikdə Qafarov üstünə qışqırıb ünvanına söyüşlər söyüb və Müşfiqlə birlikdə kafedən uzaqlaşıb. Bir-iki dəqiqədən sonra Elşən zəng edib söhbəti olduğunu bildirərək onu dəmir yol keçidinin yanına çağırıb. İdarə etdiyi avtomobildən düşən kimi Qafarov yenədə söyüş söyüb təpiklə ayağından vurub. Müşfiq Elşənin üstünə getməyə qoymayıb. Onun əllərindən tutub maşına otuzdurub və çıxıb getməsini xahiş edib. Buna baxmayaraq Elşən əl edərək yenədə avtomobilini saxlatdırıb. Qafarovun onu vuracağını düşündüyü üçün maşının saxlanc yerindən bıçaq götürüb.
Rza Bayramov ifadəsinin davamında bildirib ki, kəsəci aləti nümayiş etdirib ki, bəlkə Elşən qorxub geri çəkilər. Lakin sonuncu əksinə onun üstünə gəlib və kəllə ilə ona zərbə endirib. Köynəyinin yaxasından elə tutub ki, Rza nəfəs almaqda çətinlik çəkib. Məcbur olaraq sağ əlində tutduğu bıçaqla Elşənin sol qoluna xəsarət yetirib. Qafarov dərhal onun köynəyini buraxıb. Rza hadisə yerindən uzaqlaşıb qaynı ilə birlikdə 2-ci polis bölməsinə gəlib və təslim olub.
Bayramov əlavə edib ki, Qafarovu vurmaq və ya öldürmək fikri olmayıb.
Məhkəmə prosesində Rza Bayramov ittiham üzrə özünü təqsirli bilməyib.
Sonda məhkəmənin hökmü ilə Rza Bayramov CM-nin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq