Misirdə idman salonlarından birində keçirilən basketbol oyunu zamanı tamaşaçıların olduğu tribunalardakı dəmir baryer uçub.
“Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 27 nəfər yaralanıb.
Misir yerli mətbuatında yer alan xəbərlərə görə, hadisə Basketbol Superkuboku matçında El-İttihat və El-Ehli komandaları qarşı-qarşıya gələn zaman baş verib.
Matç hadisəyə görə ləğv edilib.
Misirin idman naziri Əşrəf Sübhi bildirib ki, ilkin təsbitlərə görə, hadisə azarkeşlər arasında baş verən dava nəticəsində olub. O, məsələyə aydınlıq gətirmək üçün komissiya yaradıldığını deyib.
Misir Səhiyyə Nazirliyi hadisə zamanı xəsarət alan 27 nəfərin xəstəxanalarda müalicə olunduğu və onların həyati təhlükəsinin olmadığı barədə məlumat paylaşıb.