50 yaşını vətəndə qarşılayan səyyah...

 


Deyir ki,- “Uzun müddət müxtəlif televiziya kanallarında çalışmışam, ictimai-siyasi proqramlarlar aparmışam, həm xəbərlərdə aparıcı olmuşam, həm də müxbir və redaktor kimi də işləmişəm. 2012-ci ildə fikirləşdim ki, səyahət proqramı hazırlayım. Əslində, bu proqramı daha çox ölkələr haqqında ümumi və çoxlu məlumatlar olan proqram kimi görürdüm, yəni içində çoxlu müsahibələr olmasını, həmin ölkənin ictimai-siyasi vəziyyəti barədə danışmağı nəzərdə tuturdum. Amma elə oldu ki, sonra üstünlüyü daha çox səyahətə verdim, sırf turizm proqramı kimi insanlara daha çox maraqlı olan məlumatları bölüşməyi qərara aldım və bu ideya ilə ATV kanalına müraciət etdim. Sağ olsunlar, təklfiimi yaxşı qarşıladılar və belə bir proqramın hazırlanmasına yaşıl işıq yandırdılar. Proqramın adı ilə bağlı xeyli düşündüm, sonra ağlıma fransız sözü olan "turne" gəldi. Mənası isə bir şəxsin ardıcıl olaraq müxtəlif ölkələrə səfərlər təşkil etməsidir. Ona görə də dedim elə "Turne" olsun...”
Çox gözəl bir aurası var, sanki ətrafına nur saçır. Qəlbi paxıllığa, həsədə bağlı, xeyirxahlığa açıq adamdır. Ucaboy olmasa da şux qaməti, məğrur yerişi, mehriban münasibəti, səlis danışığı onu zadəgan kimi göstərir. Kiməsə rişxənd etmək, insanlara yuxarıdan aşağı baxmaq ağlına belə gəlməz, sadə və təvazökarlığı ilə hörmət qazanıb…
Haqqında söhbət açdığım Mir Səməd Cəfərli 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə 4 saylı fars təmayüllü internat məktəbini bitirib. Həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə qəbul olunub. 1994-cü ildə oranı ərəbşünas kimi başa vurub. Daha sonra təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda davam etdirərək Azərbaycanın müxtəlif TV kanallarında jurnalist, ictimai-siyasi verilişlərin və “talk-show”ların aparıcısı kimi çalışıb. İlk dəfə efirdə 1997-ci ildə Spece Tv-də “Xəbərlər” proqramının aparıcısı kimi görünüb. 2012-ci ildən ATV kanalında səyahətlə bağlı çox məşhur “Turne” verilişinin müəllif və aparıcı olub. 40-a yaxın ölkədən 80-dən çox veriliş hazırlayıb. Veriliş 2016-cı ilə kimi 4 mövsüm davam edib. Bütün bunlarla yanaşı Mir Səməd Cəfərli 2003-2004-cü illərdə Lider Tv-nin Yaxın Şərq üzrə, 2004-2005-ci illərdə isə Beliçka Krallığında xüsusi müxbir kimi fəaliyyət göstərib.
2016-cı ildən isə teleaparıcı Fərid Gözəl ilə ATV kanalında “Çox gəzən bilər” verilişini hazırlayıblar. Bu veriliş 2019-cu ilin sonuna kimi ATV kanalında, 2021-ci ilin payızından isə Space Tv-də yayımlanıb. O, “Çox gəzən bilər” verilişi ilə paralel ATV kanalında “Yadındamı?” verilişinin də aparıcı olub. 2020-ci ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin üzvüdür...
Uzun müddət teleməkanda çalışsa da onu daha çox səyahət verilişlərindən tanıyırlar. Başına çox maraqlı hadisələr gəlib. Min cür çətinliklərdən keçib, fəqət hazırladığı hər bir verilişi həvəslə ərsəyə gətirib, maraqdan salmayıb...

“Yayın sonu idi. Fransanın paytaxtı Parisə qədər kirayəyə götürdüyümüz avtomobillə gedərək, onu bizim səfirliyin qarşısında saxlayıb, özümüz qayıtdıq Bakıya. Deməli, sponsor axtarırdıq veriliş üçün, həm maşını qaytarmaq, həm də yeni verilişlər çəkmək lazım idi. 50 gün sonra qayıtdıq Parisə, gördük ki, maşının akkumlyatoru tamamilə sıradan çıxıb, halbuki gedəndə yeni idi. Səfirliyimizin əməkdaşları da bizə yardımçı oldular və digər avtomobildən "peremiçka" ilə maşınımızı işə saldıq. Amma bizə dedilər ki, avtomobili söndürməyin, yoxsa yenidən eyni problem olacaq, yolda qala bilərsiniz. Ona görə də 300 km yol getdik, axşam olurdu deyə bir yerdə saxladıq və maşını söndürdük. Bir az risk etmişdik, sonra yenidən işə salmaq vardı, şükür akkumulyator enerji toplamışdı, işə düşdü və çox sevindik buna görə, yadımdadır, hətta sevincdən rəqs də etmişdik. Bir də uzun yol gedəndə isti çay istəyirdik, amma pullu yollarda yol kənarında olan kafelərdə özünüz bilirsiniz, qiymətlər çox baha olur. Biz isə əlavə xərclərə yol vermirdik səfər zamanı. Variant tapmışdıq, mən deyirdim, uşaqlar, narahat olmayın, əlimdə termos gedirdim kafeyə və deyirdim ki, uşaq üçün isti su lazımdır. Deyirdilər ki, problem yoxdur, götürün. Amma adi halda isti suyu 1-2 avroya satırdılar. Uşaq üçün istəyirik deyəndə isə, mərhəmət hissi ilə deyirdilər götürün.”- söyləyir...
Demək olar ki, şimal, cənub, şərq, qərb- yer kürəsinin hər yerində olub, necə deyərlər, çox ölkələri gəzib dolanıb. Müxtəlif xalqların nümayəndələri ilə ünsiyyətə girib, onların mədəniyyətini, həyat tərzini, mətbəxini öyrənib.
Deyir ki,- “Hər bir xalqın dadlı yeməkləri, eyni zamanda bizim mətbəxə uyğun olan qidaları var. Toyuq, qaz və ördəkdən çox gözəl yeməklər hazırlayırlar. Xüsusilə Taylandda dəniz məhsulları çox yayılıb, çox dadlı bişirirlər bu qidaları. Turistlərin arasında məhz bu mətbəxə görə gələnlər çox olur. Orada qiymətlər də Avropa ilə müqayisədə çox ucuzdur və ən əsası dəniz məhsulları hamısı təzədir, dondurulmuş deyillər. Avropalıların da gözəl yeməkləri var. Məsələn, onlar əti bizə nisbətən daha canlı, daha çiy yeyirlər. Tutaq ki, ət sifariş edirsən, soruşurlar ki, qanlı istəyirsiniz, yarımqanlı, yoxsa yaxşı qızarmış. Mənsə, sifariş edəndə “yaxşı qızarmış olsun” deyirəm. Ancaq yen də görürsən ki, tamamilə qızartmırlar, yəni onlar təsəvvür etmirlər ki, əti necə tam olaraq qızartmaq olar...”
Bəli, o, ərsəyə gətirdiyi maraqlı verilişlərlə tamaşaçıların rəğbətini qazana bilib. Heyranları kifayət qədərdir. Sosial şəbəkənin “Facebook” portalında da çox fəaldır. Dostluğunda olan minlərlə izləyicisini maarifləndirməklə məşğuldur...
Dekabrın 24-ü haqqında söhbət açdığım jurnalist, teleaparıcı, bloqqer, səyyah Mir Səməd Cəfərlinin 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...
Elman Eldaroğlu

Demokratikmusavat.com

0.14137816429138