Cəmiyyətin parazitləri

 

Qalib ARİF:
“Qısa qeydlər” silsiləsindən
Məşhur filosof Karl Marks cəmiyyətin parazitlərinə “lümpenlər” deyir və sosial pilləkanda ən aşağıda duranlar hesab edir. “Parazit” məlum olduğu kimi, başqasının hesabına yaşayan ibtidai canlılara deyilir. “Lümpen” dedikdə filosof satmağa işçi qüvvəsi olmayan, başqaslarının hesabına yaşayan ünsürləri nəzərdə tutur. Bura 3 qrup daxildir: fahişələr, oğrular və dilənçilər.
Təbii ki, hər bir insan özünə yaşayış tərzi seçməkdə sərbəstdir. Kimi cəmiyyətə yararlı insan olur, kimi yararsız. Cəmiyyətdə qanun və əxlaq qaydaları çərçivəsində yaşayanlarla bərabər, azlıqda qalsalar da, ümumi dəyərlərin tam əksini özünə həyat tərzi seçənlər də var. Məsələn, oğurluq əməli cinayətdir, amma peşəkar oğrunun sənətidir. Yaxşı yadımdadır, Bakıda həbs olunan və TV-də göstərilən gürcü əsilli oğru israrla izah etməyə çalışırdı ki, “mən cnayətkar deyiləm, mən cibgirəm – bu, mənim sənətimdir”. Bu adamlar həbs olunmaqla, cəzalandırılmaqla islah olunmazlar. Çünki başqasının əməlakını talamağı özlərinin sənəti, işi sayırlar. Onlar həyatlarını belə qurur, yaşayış tərzini belə müəyyən edirlər.
Dilənçilər və fahişələr haqqında da eyni sözləri demək olar. Bütün dünyada bunlara rast gəlinir və belə görünür ki, siyasi və iqtisadi inkişafından asılı olmayaraq, heç bir cəmiyyət parazit misilli bu ünsürlərdən yaxa qurtarmaq iqtidarında deyil. Çünki, dünyanın bir çox ölkələrində dilənçilik və fahişəlik çoxdan biznesə çevrilib. Hətta, beynəlxalq hesabatlarda adla göstərilən ölkələr var ki, orada dilənçiliklə və fahişəliklə məşğul olan xüsusi şəbəkələr (“Adam oğurluğu” adlanır) fəaliyyət gösətərir. Bir qayda olaraq, yaşamaq və qidalanmaq imkanlarından məhrum olan , küçədə yaşamaq məcburiyyətində qalan insanlar belə şəbəkələrin hədəfinə çevrilir. Onlardan eyni zamanda, oğurluq və narkotiklərin yayılması məqsədilə də istifadə olunur.
Harda olursa olsun, bу işlərə əsasən, azyaşlıların cəlb olunması böyük faciədir. Əslində, uşaqların küçələrdə dilənməyə və fahişəliyə məcbur edilməsinin məqsədi insanların ürəyinə, hisslərinə təsir etməklə, ciblərinə girməkdən başqa bir şey deyil. Bizim Bakının küçələri də istisna deyil. Amma kücədən keçənlərdən pul istəyən, salfet təklif edən, maşın şüşələrini silən ayaq yalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə edən dilənçi şəbəkənin cinayətkar simasını hamı görmür. Bu isə uşaqlara pul verənlərin sayının çox olmasına, deməli, azyaşlıları küçələrə salanların məqsədlərinə çatmasına səbəb olur. Klassik deyim var: Pul verən olmasa, dilənçilər də olmaz...
Amma Marksın “sosial pilləkanı”nı yaddan çıxarmaq lazım deyil. Burda dilənçilər oğrulardan və fahişələrdən aşağıda durur. Deməli, dilənçilər oğurluq və fahişəlik stadiyalarını keçmiş adamlardır və hər zaman buna hazır olanlardır.

Demokratikmusavat.com

0.13376498222351