10 yaşlı uşaq anasını güllələdi

 

Amerikanın Viskonsin ştatının Miluoki şəhərində on yaşlı uşaq anasını güllələyərək öldürüb.

Milli.Az bildirir ki, "People" nəşrinin məlumatına görə, uşaq ona bahalı oyun sistemi almaqdan imtina edən anasından qisas alıb.

44 yaşlı Kiana Mann evində yaxın məsafədən gözünə dəyən güllədən ölüb. Qadının on yaşlı oğlu qətldə şübhəli bilinir. Atışmadan sonra oğlan əvvəlcə silahı gizlətməyə çalışıb, sonra isə böyük bacısına anasının öldüyünü deyib və qız xilasediciləri çağırıb.

Qətldən dərhal sonra uşaq polisə anasını təsadüfən vurduğunu deyib. Ona ailəsi ilə birlikdə evdə qalmasına icazə verilib. Ertəsi gün yaxınları polisə zəng edərək uşağın doğru deməsindən şübhələndiklərini bildiriblər. O, xalasına deyib ki, əslində silahını anasına qəsdən tuşlayıb.

Qohumlar müstəntiqlərə izah ediblər ki, uşaq bütün həyatı boyu qəzəbi idarə etməkdə problem yaşayıb. Dörd yaşında olanda, oğlan köpəyini quyruğundan tutub və it ağrıdan ulamağa başlayana qədər fırlayıb. Bir dəfə isə o, şara yanar maye dolduraraq evi yandırıb. Yaxınlarının dediyinə görə, uşağın söhbət etdiyi beş xəyali dostu olub. Onların arasında iki bacı, yaşlı qadın və iki kişi də olub.

Polis müəyyən edib ki, uşaq ananı virtual reallıq texnologiyası ilə bahalı oyun sistemi almaqdan imtina etdiyi üçün öldürüb. Səhər saat yeddi radələrində uşaq kilidli seyfdən silahı götürmək üçün Mannın açarlarından istifadə edib. O, müstəntiqlərə deyib ki, silahı anasının onu lazım olduğundan yarım saat tez oyatmasına əsəbiləşdiyi üçün götürüb. Bundan əlavə, uşaq oyun sistemi almağa icazə vermədiyi üçün üzülüb. Qətldən qısa müddət sonra uşaq "Oculus Virtual Reality Headset" almaq üçün anasının "Amazon" hesabına daxil olub.

Uşaq böyüklər kimi ittiham edilib: qəsdən adam öldürmə maddəsi ilə. O, 50 min dollar girov qarşılığında saxlanılıb.

 

0.13428902626038