İran molla diktaturasında fikir ayrılıqları güclənir - IV yazı

 

Siracəddin Hacı: 
- Üçüncü yazıda İran tarixini xronoloji təhlil etdim, XX yüzilliyin başlanğıcına gəldim, dedim ki, 1925-ci ildə Qacarlar sülaləsinin son təmsilçisi devrildi, min illik türk hakimiyyətinə son qoyuldu, İranın Pəhləvilər dövrü başladı. Pəhləvi rejimi də monarxiya qurdu, ancaq yeni tipli monarxiya tətbiq etdi – İran tarixi monarxiyalar tarixidir, XX yüzilliyin başlanğıcında dünyadakı siyasi hadisələrin təsiri ilə İranda da bir az azadlıq havası əsdi. MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN İranda azadlıq fikrinin oyanmasında böyük əməyi oldu, o, yeni tipli qəzetin açılmasında, partiyanın qurulmasında önəmli yer tutdu...;
- Pəhləvilərdən öncəki monarxiya sistemlərinin əsasında dini anlayış var idi, hakim ailə dini dəyərlərlə (məzhəbçi – təriqətçi məzmunlu din anlayışı ilə) xalqı özünə bağlayırdı, türk sülaləri ölkənin rahat idarə olunması, birliyin qorunması üçün farsları da önəmli ölçüdə nəzərə alır, onların təmsilçisini vəzir təyin edir, onlara önəmli dövlət vəzifələri verir, fars dilinin, bu dildə yazmağın önünü açır, şahlar farsca da şeirlər yazırdılar. Azərbaycan ədəbiyyatının böyük şairlərinin farsca da divanlarının olması bir də bu anlayışın göstəricisidir – qeyd etməliyəm ki, min illik türk hakimiyyəti dövründə türkcə divanı olan bircə fars şairi də tanımıram;
- Pəhləvilər monarxiyanın əsasına fars milliyyətçiliyini qoydular, irqçilik etdilər, Rza şahın Atatürkə böyük rəğbəti var idi, o, türk milliyyətçiliyinin, mən də fars milliyyətçiliyinin atasıyam deyirdi. Onun fars milliyyətçiliyi o dərəcəyə çatdı ki, fars dilindən başqa dilləri yasaqladı, öyrənilməsinə izin vermədi, ictimai yerlərdə danışılmasına belə qadağa qoydu, türkləri ələ saldı, ləqəblər taxdı, ağır cəzalar tətbiq etdi;
- Pəhləvi rejiminin bir özəlliyi də din düşməni olması idi, işi o yerə gətirdilər ki, başı bağlı bir qadının küçəyə çıxamsına izin vermədilər. Qeyd edim ki, Pəhləvilərin devrilməsinin, şahın qaçmasının önəmli səbəbləri sırasında iqtisadi-sosial məsələlərlə yanaşı iki ölçü də var idi: milli zülm, dini zülm;
- İkinci Dünya Müharibəsinin qalibi olan Sovet İttifaqı İran siyasətini dəyişdirdi, İranı da ələ keçirtmək planını işə saldı, bu məqsədlə Sovet Azərbaycanından istifadə etdi, müharibədən sonra Güney Azərbaycanla bağlı çoxsaylı şeirlərin yazılmasının təşviqi, nizamişünaslığın önə çıxarılması bu siyasətin tərkib hissəsi idi – Sovet rəhbərliyi Güney Azərbaycan məsələsini qabardır, Nizami Gəncəvi ilə bağlı Azərbaycanla İran arasında olan fikir ayrılıqlarını körükləyirdi. Sovet İttifaqı Pişəvəri hərəkatını da dəstəkləyirdi, ancaq o, həlledici mərhələdə İran rəhbərliyi ilə razılaşdı, bu hərəkatdan dəstəyini çəkdi, şah Təbrizə qoşun yeritdi, Azərbaycan Milli Hökuməti məğlub oldu, minlərlə insan öldürüldü, bir qismi də Şimali Azərbaycana, Türkiyəyə, Avropaya köçdü – qaçdı;
- 1950-ci illərdən başlayaraq ABŞ-ın İrana təsiri artdı, şah Sovet təhlükəsindən qorunmaq üçün ABŞ-la iş birliyinə getdi, ancaq Pəhləvi rejimi ciddi islahatlar həyata keçirə bilmədi, şah xalqa verdiyi vədlərin heç birini yerinə yetirmədi, sosial, iqtisadi, dini, milli, mədəni zülm müxalif güclərin ortaya çıxmasına səbəb oldu. Onların sırasında Xomeyni hərəkatı önəmli yer tuturdu, Pəhləvi rejimi ona qarşı sərt davrandı, ölüm hökmü çıxartdı, ancaq böyük din alimi Şəriətmədarinin xahişi ilə ölüm hökmü sürgünlə əvəz olundu, Xomeyni öncə Bursaya, sonra İraqa, sonra da Fransaya getdi;
- Önəmli sual budur: Pəhləvi rejimini o dövrdə mövcud olan liberallar, sosialistlər, milliyyətçilər deyil, niyə məhz Xomeyni hərəkatı əvəz etdi?
Ardı var...

Demokratikmusavat.com

0.13061690330505