Tez-tez işıq sönür, 4 ildir kabelləşmə aparılır, Afrikadayıq elə bil - Bankə sakinləri

 

Neftçala rayonu, Bankə qəbəsinin sakinləri qəsəbədə tez-tez elektrik enerjisinin kəsilməsindən narazıdır.

Sakinlər “Demokratikmusavat.com ”a deyir ki, artıq 4 ildir qəsəbədə elektrik xətlərinin kabelləşməsi işləri aparılır və proses çox ləng gedir.

“Hər 2-3 aydan bir, bir neçə əməkdaş köhnə sovet texnikası ilə bir küçəni, bir dalanı yarımçıq guya kabelləşdirirlər, sonra yenə yoxa çıxırlar. Hər dəfə ən kiçik bir işi görəndə, kağız üzərində 8 min əhalisi olan qəsəbənin işığını söndürürlər. Adətən, elektrik gün boyu olmur. Payız, qış, yaz aylarında bir az külək əsən və yağış yağan zaman işıq sönür, internet kəsilir. Bankə Afrikanın texnologiyadan uzaq hansısa geridə qalmış bir ərazisinə bənzəyir.

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 2 ildir icra başçısı təyin olunandan heç bir işıq idarəsi müdiri ilə yola getmir, bu 2 ildə bəlkə də 4-5 dəfə müdir dəyişilib”, - deyə sakinlərdən biri qeyd edir.

Qəsəbə sakinləri həmçinin yolların da bərbad vəziyyətdə olmasından şirkayət edir. Bildirirlər ki, su boruları çəkilən zamanı asfalt örtüklü bir neçə küçə dağıdılıb və yenidən bərpa olunmayıb.

Neftçala rayon İcra Hakimiyyətinin Bankə qəsəbəsi üzrə ərazi nümayəndəsi Tariyel Nağıyev “Demokratikmusavat.com ”a açıqlamasında dedi ki, qəsəbədə kabelləşmə işləri yekunlaşıb: “Xətlərin köhnədən yeniyə keçirilməsi üçün bəzən elektrik verilişi dayandırılır. Hazırda elektrik verilişi normal vəziyyətdədir, xətlərin hamısı yenilənib. 

Küləkli, yağışlı günlərdə isə ümumi gələn xətlərdə problem yarandıqda elektrik kəsilə bilir. Həmçinin ötən bir neçə gündə təbii qaz olmadığından elektrik enerjisində yüklənmə mövcud problemləri yaratdı”.

Yollardakı vəziyyətlə bağlı isə qurum nümyəndəsi bildirdi ki, bu, su xətlərinin çəkilişi ilə bağlıdır: “İşlər demək olar ki, yekunlaşıb. Lakin həmin borular test olunmalıdır ki, hər hansı texniki nasazlıq ortaya çıxarsa, dərhal problem aradan qaldırıla bilsin. Bundan sonra yollar bərpa olunacaq”. 

Sakinlərin Mirhəsən Seyidov ilə bağlı fikirlərinə gəlincə isə T. Nağıyev bildirdi ki, yeni icra başçısının təyinatından sonra qəsəbədə son 30 ildə görülməyən işlər görülüb, rayon başçısı daima vətəndaşlarla ünsiyyətdə olub.

Könül
Demokratikmusavat.com

0.20810794830322