Bakıda mübahisə zamanı tanışını bıçaqlayaraq qətlə yetirmək təqsirli bilinən Məhəmməd Məmmədlinin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Gecə saat 23 radələrində 1998-ci il təvəllüdlü Murtuz Murtuzov rayon ərazisində bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırmalarla zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzovu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhəmməd Məmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə dindirilmiş Məhəmməd Məmmədli ifadəsində göstərib ki, qonşuluqda yaşayan (şərti adı) A.Ə adlı qızla dostluq edib.
İyunun 10-da günorta "İnstagram" şəbəkəsində qıza mesaj göndərəndə naməlum şəxs ona cavab yazaraq A.Ə-nin sevgilisi olduğunu deyib. Axşam başqa profildən yazan şəxs ondan A.Ə-ni haradan tanımasını soruşub və özünü Raul Aslanlı kimi təqdim edib. O, Raula qızla bir məhəllədə yaşadığını və dostluq etdiyini bildirib. Öz növbəsində o, Raula qızla aralarındakı münasibətin ciddi olub-olmadığını soruşduqda Raul ondan ayrılmaq istədiyini söyləyib. İki gündən sonra qızla yazışanda, qız ona həmin oğlanla mübasibətinin ciddi olduğunu deyib. Lakin o, A.Ə-nin yaşının az olması səbəbindən kiminləsə ciddi münasibətlə olmasına inanmayıb və ünvanına nalayiq ifadələr işlədib. Həmin gecə Raul vatsap proqramında ondan nə istədiyini soruşanda, o, Aygünlə ciddi münasibətdədirsə, yaşadıqları məhəlləyə gəlməsini və onu qızın qardaşı ilə tanış edəcəyini deyib. Amma Raul gəlməkdən imtina edib.
İyunun 13-də yazışaraq "Xalqlar Dostluğu" metrosunun yanındakı parkda görüşmələri barədə razılaşıblar. Saat 23 radələrində dostları Fariz Əfəndiyev və Hafiz Mehtiyevlə birlikdə həmin əraziyə yollanıb. Parkın yuxarı hissəsi ilə Raul Aslanlının təzminən 10-15 nəfərlə birlikdə onlara tərəf gəldiyini görüb. Həmin şəxslərlə Çobanzadə küçəsi istiqamətində hərəkət ediblər. Binanın qarşısına çatanda Raulun dostu marketin arxa tərəfinə keçib rahat danışmalarını təklif edib.
Murtuz Murtuzov Raul Aslanlıdan üzr istəməsini tələb edəndə, o, söyüşləri onun barəsində deyil, ümumi mənada işlətdiyini bildirib üzr istəməkdən imtina edib. Murtuz sinəsinə yumruqla zərbə vurub söyüşlə diz çöküb Rauldan üzr istəməsini istəyib. O, Murtuzun hərəkətindən əsəbiləşib bir qədər arxaya çəkilərək üzərindəki bıçaqla ona xəsarət yetirib.
Məhəmməd Məmmədli bildirib ki, bu zaman Xəyal Quliyev onun sifətinə yumruqla zərbə vuranda yerə yıxılıb. Həmin an orada olan digər şəxslər də ona yumruq və təpiklə zərbələr endiriblər. Hər şey bir anda baş verib. Yerə yıxılsa da, bıçağı əlində saxlayıb. Ayağa qalxaraq qorxutmaq məqsədi ilə üzərinə gələn Xəyal Quliyevə bıçaqla zərbə vurub. Hadisə yerindən Vüsal Səfərzadənin idarə etdiyi avtomobillə uzaqlaşıb.
Yaşadığı məhəllədə su ilə qana bulaşmış əllərini və bıçağını yuyub mənzilə qalxıb. Bir neçə saatdan sonra yaşağını ünvana polis əməkdaşları gəlib onu şöbəyə aparıblar.
Məhəmməd Məmmədli əlavə edib ki, Murtuz Murtuzovu öldürmək məqsədi olmayıb. Etdiyi hərəkətə görə onu cəzalandırmaq istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Murtuzov ifadəsində göstərib ki, kiçik övladı Murtuz qaydasız döyüş növü ilə məşğul olub. İyunun 14-dü gecə saat 2 radələrində 24-cü şöbənin əməkdaşı oğlunun bıçaqlandığını və yaralı vəziyyətdə xəstəxanaya aparıldığını xəbər verib. Xəstəxanaya çatanda oğlunun artıq öldüyünü eşidib.
Məhkəmə prosesində Məhəmməd Məmmədli ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını bildirib.
Sonda məhkəmənin hökmü ilə Məhəmməd Məmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Natiq