Bakıda sevdiyi qadını qətlə yetirməkdə təqsirli bilinən Zəfər Mərdanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus "Mitsubishi" markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.
Demokratikmusavat.com -ın məlumatına görə, iş üzrə dindirilən Zəfər Mərdanov ifadəsində bildirib ki, Səkinə Hümbətova ilə hadisədən təxminən 6 ay əvvəl sosial şəbəkədə tanış olub. Əvvəl adının Emin olduğunu bildirib.
Şəbəkədə bir neçə dəfə bir-birilərinə mesaj göndərdikdən sonra qadın öz telefon nömrəsini ona verib. Səkinə əvvəllər evli olub doşandığını və 4 yaşlı qızının olduğunu deyib.
Mobil telefonla danışdıqdan sonra Hümbətova onu Buzovna qəsəbəsində yaşadığı evə dəvət edib. Evlərində onun anası və qızı ilə tanış olub. Səkinə ilə mütəmadi görüşməyə başlayıb. Ona qarşı sevgi hissləri yaranıb.
2018-ci il avqustun 2-də Səkinənin yaşadığı evə gedən zaman orada onun Sevinc adlı əmisi qızını görüb. Səkinə onun Qəbələ rayonundan gəldiyini deyib. Səhərisi gün telefonla danışarkən ondan Sevincin mobil telefon nömrəsini istəyib. Səkinə əmisi qızının nömrəsini niyə istədiyini soruşduqda, Zəfər zənglərinə cavab vermədiyi halda Sevincə zəng vuracağını söyləyib. Səkinə razılaşaraq nömrəni ona verib. Hümbətovanı sevsə də, qadının hərəkətlərindən və danışığından ondan ayrılmaq istədiyini hiss edib.
Avqustun 9-da Səkinə zənglərinə cavab vermədiyi üçün Sevinclə əlaqə saxlayıb. Sonuncuya Səkinənin zənglərə cavab vermədiyini dedikdə, Sevinc qohumunun onu artıq sevmədiyini və ayrılmaq istədiyini deyib. Həmin axşam Səkinənin yaşadığı evə gedib onu hansı səbəbə görə sevmədiyini soruşub. Qadın isə ona qarşı heç bir hissi olmadığını bildirib.
Zəfər Mərdanov ifadəsinin davamında bildirib ki, həmin gecə saat 2 radələrində tanışı Zülfiyyə Şirinova ilə görüşüb. Sonuncuya məxsus avtomaşınla şəhərdə gəziblər. Gəzərkən Səkinənin onu hansı səbəbə görə sevmədiyini düşünüb. Ayrılmaq istəmədiyi üçün ona xəsarət yetirmək qərarına gəlib.
Avqustun 10-u səhər saat 7:00 radələrində Zülfiyyəyə evə gedib uşağına dərman almalı olduğunu deyib. Qala qəsəbəsində yerləşən mağazanın qarşısında avtomaşını saxlayıb ona özü üçün su alacağını bildirib. Marketə daxil olub enerji içkisi və iki ədəd bıçaq alıb. Aldığı bıçaqları belinə keçirib avtomaşınla Səkinənin yaşadığı yataqxananın yanına gəlib. Zülfiyyənin hansı evə girməsini görməməsi üçün avtomobili digər binanın yaxınlığında saxlayaraq maşından düşüb övladına dərman verib geri qayıdacağını deyib.
Zəfər Mərdanov bildirib ki, Hümbətovanın evinə gedib qapını özünə tərəf çəkəndə açıq olduğunu görüb. Qapını açıb evə daxil olanda, Lətifə Eyvazova evdən çıxmasını tələb edib. Küçədə dayanıb, Səkinənin evdən çıxmasını gözləyib. Bu zaman Səkinənin anası nəvəsini evdən çıxarıb, özünə məxsus avtomobilə əyləşdirib. Daha sonra geri qayıdıb qızına işə gecikəcəyini söyləyib. Lətifə qapını açarla bağlayanda Zəfər gələrək Səkinənin qolundan tutub onunla söhbət etmək istədiyini deyib. Səkinə onu sevmədiyini təkarladıqda Zəfər əsəbiləşərək ünvanına nalayiq ifadələr işlədib. Səkinə isə cavab olaraq onun anasını söyüb. Bu zaman Zəfər sağ əli ilə belindən bıçağı çıxarıb Səkinəyə zərbə vurmaq istədikdə, kəsici alət onun əl çantasına batıb. Tələsik digər bıçağı çıxarıb, qadının müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirməyə başlayıb. Səkinə yerə yıxıldıqda, ona zərbələr vurmaqda davam edib. Səkinənin anası qışqırarkən o bıçağı yerə ataraq qaçıb. Avtomaşın sürətlə idarə etdyi üçün Zülfiyyə ondan nə baş verdiyini soruşub. Zəfər isə heç nə olmadığını deyib.
Zəfər Mərdanov avtomobili Şağan qəsəbəsinə saxlayıb, taksi ilə Xırdalan şəhərində yolun kənarında fəaliyyət göstərən hotelə gediblər. Orada Şiriyevaya Səkinəni öldürdüyünü bildirdiyi üçün sonuncu özünü çox narahat hiss edib.
Hoteldən çıxandan sonra Yasamal rayonunda yaşadığı evə gəlib və anasına sevdiyi qızı öldürdüyünü deyib. Polisə təslim olacağını söyləyərək onunla sağollaşıb. Oradan Kürdəmir rayonunda yaşayan bacısının yanına yollanıb.
Avqustun 12-də Kürdəmirdən Bakıya qayıdıb və Xəzər RPİ-nə gedərək təslim olub.
Məhkəmə prosesində Zəfər Mərdanov ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Natiq