"Yalan və böhtan dolu sənədi qəbul etməsi Fransanın ölkəmizə ədalətsiz yanaşmasının təzahürüdür"

 

"Fransa Milli Assambleyasında Azərbaycana qarşı qəbul olunmuş qətnamə reallığı əks etdirmir və  tamamilə qərəzlidir. Senatın ardınca Milli Assambleyanın da yalan və böhtan dolu bir sənədi qəbul etməsi Fransanın ölkəmizə münasibətdə ədalətsiz yanaşmasının təzahürüdür”.

Bu fikirləri “Demokratikmusavat.com ”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sənədin qəbul olunmasından sonra Fransa Xarici İşlər Nazirliyi açıqlama yayaraq bu qətnamənin hökumətin mövqeyinin göstəricisi olmadığını vurğulayıb. Amma Milli Assambleyada müzakirələrdə iştirak edən Fransa hökumətinin nümayəndəsi faktiki olaraq bu qətnaməni dəstəkləyib. Bu da onu göstərir ki, Fransada Azərbaycanın hədəfə alınması dövlət səviyyəsində həyata keçirilir. Bu ölkədə  erməni diasporu və lobbisi çox fəaldır və onlar  siyasiləşib. Buna görə də, Fransa parlamentariləri bu ölkədə yaşayan ermənilərin səsini qazanmaq üçün belə bir qətnamə qəbul edib. Lakin Senat və Milli Assambleyada qəbul olunan sənədlər ilk növbədə Fransanın özünün imicinə xələl gətirir. Çünki bütün dünyaya məlumdur ki, kim təcavüzkar, kim təcavüzə məruz qalan ölkədir. ATƏT-in Minsk qrupunun  həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizm törədib. Amma Fransa heç vaxt Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi. Bütün bunlar, o cümlədən Fransa parlamentində qəbul olunmuş qətnamələr Azərbaycan-Fransa münasibətlərinə xələl gətirir. 
“Hazırda Fransa gerçək simasını nümayiş etdirir. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senat və Milli Assambleyanın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz. Artıq Azərbaycan parlamenti bu hadisəyə münasibət bildirib. Milli Məclisin açıqlamasında bildiriliyi kimi, Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr bu ölkənin qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk. Bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.15594983100891