“İran teokratik və totalitar rejimin hökm sürdüyü bir ölkədir. İranın fars-molla rejimi müstəqil, demokratik dövlət olan Azərbaycana qarşı öz siyasətində hər zaman məkrli və riyakar mövqedə olub”.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri qeyd edib ki, İrandan fərqli olaraq Azərbaycan dövləti isə qonşuluq prinsipini və bu ölkədə 40 milyonadək soydaşımızın yaşadığını nəzərə alaraq mehriban qonşuluq münasibətlərinə əsaslanaraq siyasət yürüdüb.
“Təəssüf olsun ki, İranın yeni rəhbərliyi Azərbaycana qarşı münasibətlərini düşmənçilik səviyyəsinə qaldırmağa cəhd göstərir və bu “cəhdinə” də nail olur. Xüsusi ilə də Azərbaycan torpaqlarının 30 il işğalda qalmasında, o cümlədən Şuşa şəhərinin ermənilər tərəfindən işğalında İranın dəstəyi olub. İran bu dövr ərzində bir dəfə də olsun ermənilər geri çəkil sözünü deməyib. 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurdakı məscidlərin dağıdılmasına, orada donuz və ya digər heyvan saxlanmasına bir dəfə də olsun etirazını bildirməyib. Əksinə, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra İranın “qarın ağrısı” ciddi surətdə büruzə verməyə başldı. İranın artıq Ermənistanla qardaş olduğu hər kəsə bəllidir”- komitə sədri əlavə edib.
Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra dinc nizamlanma dövründə İranın bölgədə sülh tərəfdarı olmadığı və gərginliyin davam etməsinin tərəfdarı olduğu ortaya çıxdı: “İranın anti-Azərbaycan mövqeyinin güclənməsi və birbaşa işğalçını, məscidləri dağıdan, məscidlərdə donuz saxlayan Ermənistanı müdafiə etməsi, elə donuzu müdafiə etməsi deməkdir. Bu bir daha sübut edir ki, İranın hərəkətlərində İslam adına heç bir yaraşan hərəkət yoxdur. İran açıq-aydın təcavüzkar siyasət həyata keçirir. Onu da təəssüflə qeyd edim ki, son günlərdə İran siyasiləri, deputatları arasında oradakı soydaşlarımız da var. Salmasdan, Urmiyədən olan deputatlar fars-molla rejiminə qulluq edərək, Tehran rejiminin Azərbaycana qarşı şər-böhtan kampaniyasında yer alıblar. Fars-molla rejiminə quyruq bulayanlar onu da bilməlidir ki, gün gələcək, bu hərəkətlərinin layiqli cavabını alacaqlar.
Güney Azərbaycan gec-tez müstəqilliyini əldə edəcək. Bu artıq tarixin və zamanın tələbidir. Və kimsə bunun qarşısında dayana bilməyəcək. O zaman ayağa qalxan Azərbaycan xalqının qəhrəman övladları birinci içindəki o satqınları təmizləyəcək. Onda heç kim bu şəxslərin dadına yetişə bilməyəcək.
Bizim istəyimiz bölgədə sülhün və ədalətin təmin olunmasıdır. Normal qonşuluq münasibətlərinin qorunub saxlanmasıdır. Yəqin ki, İranla normal qonşuluq münasibətləri yeni bir hakimiyyət qurulduqdan sonra mümkün olacaq. İndiki İran hakimiyyətinin hər bir fəaliyyəti, bəyanatı özünəqəsddən başqa bir şey deyil. Bunalr İran dövlətini intihara aparan hərəkətləridir. Yəqin ki, biz yaxın vaxtlarda İranda çevrilişlərin və yeniliklərin şahidi olacağıq”.
Mürtəza
Demokratikmusavat.com