Rusiya ilə Ukraynada döyüşən ölkə Qarabağ mövzusunda bir cəbhədədir

 

“Fransa tarixən müstəmləkəçi siyasəti yürüdən dövlət olub və bu gün də həmin siyasətini yürütdməkdədir. Fransada islamafobiya və Türklərə qarşı düşmənçilik tarixən mövcud olub və bu gün də həmin siyasəti aktiv şəkildə həyata keçirilər. Məhz bunun nəticəsidir ki, davamlı olaraq Fransada antiislam, antitürk aksiyaları keçirilir, məscidlər bağlanır. Bunu da bir qrup fırıldaqçı, quldur erməninin dəstəyi ilə hakimiyyətə gətirilən Makronun əli ilə həyata keçirirlər”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Fransa 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində ATƏT-in MQ həmsədri olsa da, bu müddət ərzində Ermənistanın işğalçı mövqeyini dəstəkləyib.

“Beynəlxalq aləmin bu riyakar mövqeyini görən Azərbaycan nəhayətində ədalətli yolla torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü təmin etdi. Fransanın bu gün etdiyi və “qarnının ağrısı” Azərbaycanın qələbəsini həzm edə bilməməsidir. Ona görə də Makron başda olmaqla quldur dəstə, Fransa Senatı, Milli Assambleyası Azərbaycan əleyhinə qətnamələr və qərarlar qəbul etməkdədir. Ölkəmizə qarşı şər-böhtan kampaniyasını həyata keçirməkdədirlər”, - o qeyd edib.

Deputat onu da bildirib ki, Azərbaycan da öz növbəsində Fransanın etdiklərinə qarşılıq verməlidir və verəcək də.

“Fransa bu hərəkətləri ilə Cənubi Qafqazda sülhün təmin olunmasına ciddi zərbələr vurur. Cənubi Qafqazda yürütdüyü siyasətin məqsədi tarix boyu Rusiyanın yemlədiyi, dövlət qurduğu erməniləri Moskvanın əlindən alıb, tez bir zamanda Rusiyanı bölgədən çıxarmağa nail olmaqdır.

Burada ən pis cəhət ondan ibarətdir ki, Rusiya ilə Fransa dünya siyasətində, xüsusən də Ukrayna məsələsində bir-birinə düşmən olsa da, erməni məsələsində maraqları üst-üstə düşür. Hətta ABŞ da bu məsələdə həmin ölkələrlə həmrəydir. Üçü də ermənini dəstəkləyib, Azərbaycana qarşı çıxırlar”.

Deputat hesab edir ki, belə bir vəziyyətdə Rusiya bölgədə maraqlarını təmin etmək istəyirsə, o zaman baş verənlərdən nəticə çıxarıb, ermənilərə dəstəkdən əl çəkməlidir.
“Separatçı erməniləri dəstəkləməkdənsə, məsələnin həllində ədalətli mövqe sərgilənməlidir. Rusiya   başının çarəsini qılmalıdır. Ona görə də erməni separatçıları silahlandırıb, bölgədə vəziyyəti gərginləşdirməkdən vaz keçməlidir. Yoxsa gec olacaq.  
Azərbaycan yaranmış durumu yaxşı analiz edib, düzgün nəticə çıxararaq, dövlətin müdafiəsinin və  təhlükəsizliyinin təmin olunması istiqamətində  tədbirlər görməkdədir”.

Mürtəza

0.14412808418274