Bakıda 11 il əvvəl qətl törətməkdə təqsirli bilinən Əhəd Salahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2011-ci il oktyabrın 31-də paytaxtın Xətai rayonunun NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda 1974-cü il təvəllüdlü Qurbanov İlkin Samir oğlunun üzərində zorakılıq əlamətlərinin izləri ilə meyitinin aşkarlanması faktı ilə bağlı cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Salahov Əhəd Bəxtiyar oğlunun yaxın dostluq, eyni zamanda, qohumluq əlaqələri olan Firudin Məmmədovun zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişənin gedişində sonuncunun bilavasitə sifarişi və köməkliyi ilə qabaqcadan birgə hazırladıqları plana uyğun olaraq 2011-ci il oktyabrın 31-də saat 23 radələrində İlkin Qurbanovun evinin yaxınlığında bıçaqla ona çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Bundan başqa, istintaq materiallarına əsasən hadisədən qısa müddət sonra, yəni, həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhərinin Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.
Ə.Salahov 2022-ci il avqustun 24-də polis tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (Qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.
Natiq