İnsanlar kasıblayanda niyə dostları azalır?

 

“Təbiət də, cəmiyyət də gücə sitayiş edir. Dünən güclü idin, ətrafındakılar sənə pərəstiş edirdi, bu gün gücsüzsən, özün də pərəstiş edənlər statusundasan”.
Demokratikmusavat.com  xəbər verir ki, bu sözləri sosioloq Sahib Altay qeyd edib. O, “dünən pulum, vəzifəm var idi, hamı ətrafımda idi, bu gün yoxdur, heç kim yoxdur” yanaşmasının izahını verib:

“İnsanlar ehtiyac duyduqları yerdə olurlar. Dünən pulun və vəzifən var idi, sənə ehtiyac duyulurdu. Bu gün yoxdur, ehtiyac duyulmur.

Bəs dünən etdiklərin? Onlar dünəndə qaldı.
Bütün münasibətlər belədir - ya maddi, ya da mənəvi ehtiyaclar üzərində qurulur. Həyat alverdir. Hamı bir-birindən istifadə edir. Burada kədərli nə isə yoxdur. Əsl neqativ hal budur ki, bəzi insanlar başqalarına geniş istifadə imkanları yaradırlar. Bir gün anlayırlar ki, potensialları tükənib və ondan istifadə edənlərin daha ona ehtiyacı yoxdur. Bu vaxt şikayətlənməkdən başqa çarə qalmır. Kimlər ki, öz potensiallarına bələddirlər və onlardan istifadə edənlərə limitli istifadə imkanları yaradırlar, ətraflarındakı adamlar daha çox sadiq olur, münasibətlərinin də ömrü daha uzun olur”.

Sosioloq hətta qohumluq, dostluq əlaqələrinin də ehtiyac üzərində qurulduğunu söyləyib:

“Bu gün kapitalizmin gerçəkləriylə barışmayan, sosializm görmüş ata-ana, nənə-babalarımızın ağızdolusu bəhs etdiyi sevgilər dostluqlar, qonşuluq, qohumluq münasibətləri də ehtiyaclar üzərində qurulmuşdu. Sosalizmin əsas nəzəri prinsiplərindən biri də bu idi: “İnsanlara qidanı və informasiyanı yarımçıq ver, qoy, onlar bir-birinə ehtiyac duysunlar, o zaman daha sədaqətli və mehriban olacaqlar”. Məhz həmin ehtiyacdan dolayı qonşu qonşudan çörək istəyəndə ev sahibi evində bir çörəyi qalsa belə, qonşusuyla tən yarıdan bölürdü. Bu da gözəl qonşuluq, eləcə də digər münasibətləri meydana gətirirdi”.

Mütəxəssis son olaraq bildirib ki, insanlar nə qədər bir-birinə qarşı maddi, mənəvi, sosial ehtiyac duyursa, münasibətlərin də ömrü o qədər uzun olur.

Billurə Yunus

 

0.12453103065491