Rəsmi Bakı "üç bacı" təxribatı ilə üzləşib

 

Erməni separatçı-terrorçuları tərksilah etmək əvəzinə silahlandıran rus sülhməramlılar atəşkəsə nəzarət edən qüvvə ünvanını artıq çoxdan itirib... İndi Rusiya sülhməramlı qüvvələri Kremlin təlimatlarına uyğun olaraq, atəşkəsin pozulmasının təmin edilməsi və erməni propoqandasının təşkil olunması ilə məşğuldurlar...

Ermənistan sülh prosesini pozmaq niyyətinə düşüb. Əslində, rəsmi İrəvanın elə əvvəlcədən də Azərbaycanla yekun sülh sazişini imzalamağa həvəsi müşahidə olunmurdu. Çünki, iki qonşu ölkə arasında belə bir sənədin mövcudluğu Ermənistanın maraqlarına qətiyyən cavab vermir.

Məsələ ondadır ki, Ermənistan savaşda biabırçı məğlubiyyətə uğrayıb. Ona görə də, məğlub tərəf kimi, Azərbaycanın sülh prosesində diqtə etdiyi şərtləri də qəbul etməyə məhkumdur. Azərbaycanın beynəlxalq hüquq normalarına bağlı şərtləri isə Ermənistanın son 30 ildə can atdığı bütün hədəflərin üzərindən xətt çəkir.

Təbii ki, Paşinyan hakimiyyəti rəsmi Bakının hərbi-siyasi təzyiqlərinə tab gətirmək şansının olmadığını da bilir. Bu səbəbdən də, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə Qərb siyasi dairələrini də cəlb etməyə çalışır. Bu, bir tərəfdən Ermənistana sülh danışıqlarında Qərbin dəstəyini almağa, digər tərəfdən isə Rusiyanı şantaj etməyə imkan verə bilərdi.

Son müşahidələr onu göstərir ki, rəsmi İrəvan sülh prosesini pozmağa yaxındır. Ukrayna savaşında ardıcıl məğlubiyyətlərlə aciz duruma düşən Rusiyanı da şantaj etmək imkanları da artır. "Ermənistanın bacısı" statusu artıq rəsmən təsdiqlənmiş Fransa isə rəsmi İrəvanın hərbi-siyasi təxribatlarına açıq dəstək verir. Və bu səbəbdən də, rəsmi Bakı tərəfdən Cənubi Qafqazdakı sülh prosesində iştirak şansından məhrum edilib.

İndi Ermənistan sülh prosesini pozmaq üçün hətta bu məqamdan da yararlanmağa çalışır. Ermənistan baş naziri Nikol Paşinyan növbəti Brüssel görüşünə qatılmaq üçün Fransa prezidenti Emmanuel Makronun iştirakını əsas şərt kimi irəli sürür. Və rəsmi İrəvan tam dəqiqliyi ilə bilir ki, Azərbaycan tərəfi buna heç bir halda, razılıq verməyəcək.

Belə anlaşılır ki, rəsmi İrəvan sülh prosesini pozmaq üçün əlindən gələn hər şeyi edir. Böyük ehtimalla bunun qarşılığında Ermənistana təhlükəsizlik təminatı da verilmiş olmalıdır. Çünki, Paşinyan hakimiyyəti artıq arxa plana keçirilmiş sülh prosesinin ən real alternativinin məhz yeni genişmiqyaslı savaş olduğunu bilməmiş deyil. Yəqin ki, rəsmi İrəvan yeni savaşın başlayacağı təqdirdə, Fransa, Rusiya və Avropa Birliyinin Ermənistanı müdafiə edə biləcəyinə ümid bəsləyir.

Nə qədər qəribə də olsa, rəsmi İrəvanın Fransa prezidenti Emmanuel Makronun iştirakını tələb etməklə pozduğu Brüssel görüşünə alternativ olaraq, Kreml Rusiya ərazisini təklif edir. Kreml bəyan edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının keçirilməsinin təşkilinə həmişə hazırdır. Halbuki, Rusiyanın regional sülh prosesinə törətdiyi əngəllər də Fransa və Ermənistanın davranışlarına paralellik təşkil edir.

Məsələ ondadır ki, son vaxtlar Rusiya hətta Azərbaycanın maraqlarına real problemlər yarada biləcək addımlar atmaqla, diqqəti çəkir. Kreml bir tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və bölgəsinə erməni milyarder Ruben Vardanyanı "təxribat ezamiyyəti"nə göndərir. Onun bölgədə erməni separatizmini gücləndirməyə yönəlik fəaliyyətinə dəstək verir. Və bununla da Azərbaycan-Rusiya müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyanatını kobud şəkildə pozur.

Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələri Xankəndi və ətraf bölgədə olan qeyri-qanuni silahlı erməni terror dəstələrini hələ də tərksilah etməyiblər. Əksinə, rus sülhməramlılar bölgədə erməni terrorizmini gücləndirmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Nəticədə silahlı erməni terror dəstələri artıq Azərbaycan ordusunun mövqelərini atəşə tutmağa belə, cəsarət etməyə başlayıblar.

Üstəlik, bölgədə atəşkəsin qorunmasına cavabdeh olan rus sülhməramlılar erməni təxribatlarına qarşı hər hansı addım da atmırlar. Əksinə, erməni terrorçuların atəşkəsi pozmasından sonra Azərbaycan ordusuna böhtan atmağa çalışırlar. Azərbaycan ordusuna yönəlik böhranları yayarkən, Azərbaycan ərazilərinin rəsmi adlarını dəyişdirərək, erməniləşdirməyə cəhd göstərirlər.

Məsələ ondadır ki, artıq bir neçə gündür ki, rəsmi Bakı Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıq bəyanatları üzərindən Kremlə yolverilməz addımlardan çəkinməyin vacibliyini anlatmağa çalışır. Kremldən tələb olunur ki, rəsmi məlumatlar yayarkən, rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərinin adları düzgün qeyd edilsin. Hətta rəsmi Bakı Azərbaycan ərazilərinin doğru adları qeyd olunmuş xəritəni qarşı tərəfə versə də, bu məsələ ətrafında mübahisələr hələ davam edir.

Kremlin əsas bəhanəsi ondan ibarətdir ki, Rusiya sülhməramlıları məlumat yayarkən, SSRİ Baş Qərargahının xəritələrindən istifadə edir. Rusiya siyasi dairələri yəqin ki, bunun nə qədər absurd bir yanaşma olduğunu təsəvvür belə, etmirlər. Hətta ola bilər ki, Kremldə bir çoxları keçmiş SSRİ-nin 30 il əvvəl dağıldığından və əvəzində müstəqil dövlətlərin yarandığından hələ də xəbərsizdirlər. Əks halda, Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınmış qanuni ərazilərində olan rus sülhməramlılar keçmiş SSRİ-nin xəritələrindən istifadə etdiklərini bəhanə gətirməzdilər.

Təbii ki, Rusiyanın Azərbaycana qarşı bu addımları konkret plan və ssenari əsasında atılır. Çünki, Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçuların rus sülhməramlılar tərəfindən nəzarət edilən Laçın dəhlizi ilə silah-sursat və canlı qüvvə daşımaları barədə faktlar mövcuddur. Ermənistanda 2021-ci ildə istehsal olunan minaların Xankəndi və ətraf bölgədə tapılması buna sübutdur. Və rus sülhməramlılar bu sübutlara normal, inandırıcı izahat verməlidirlər.

Halbuki, elə rus sülhməramlıların özlərinin də Laçın dəhlizindən erməni separatçı-terrorçuları silahlandırmaq üçün istifadə etdikləri inkaredilməz reallıqdır. Son məlumatlara görə, rus sülhməramlılar humanitar yardım adı altında Laçın dəhlizi ilə erməni terrorçu dəstələr üçün silah-sursat və hərbi texnika daşıyırlar. Və bu, rus sülhməramlıların atəşkəsə nəzarət edən qüvvə statusunu artıq çoxdan itirdiyini göstərir. İndi onlar Kremlin təlimatları ilə atəşkəsin pozulmasını təmin etməklə məşğuldurlar.

Belə anlaşılır ki, Rusiya Azərbaycana qarşı demək olar, "savaş" açıb. Bu savaş daha çox silahlı erməni separatçı-terrorçular üzərindən aparılır. Yəni, hazırda Rusiyanın Xankəndi və ətraf bölgədə Azərbaycana qarşı "proxy savaşa" başladığını düşünmək üçün kifayət qədər ciddi əsaslar mövcuddur. (Yeni Müsavat)

0.20355105400085