Paytaxtda qisas məqsədi ilə odlu silahla tanışını öldürməyə cəhddə təqsirli bilinən Elnur Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.
Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.
İş üzrə dindirilmiş Elnur Əliyev ifadəsində bildirib ki, Ağdam rayonunda yaşadığı vaxtdan Namiq Cəfərovu məcburi köçkün kimi, Bakıda məskunlaşdıqdan sonra isə Natiq və Naməddin Novruzovları tanıyıb.
Onun Namiq və qardaşları ilə münasibəti 2017-ci ildə yataqxanın həyətində işlətdikləri çayxanada pozulub.
2017-ci ilin dekabr ayında öz qardaşının siqaret satdığı köşkə gedib. Orada Naməddini görüb köşkü tərk etməsini tələb etdikdə aralarında sözlü mübahisə yaranıb. Sonuncu oranı tərk etsədə bir neçə dəqiqə sonra Natiq və Namiqlə qayıdıb. Bu zaman aralarında yaranan münaqişə vaxtı Natiqin dayısı oğlu Xəzri Hüseynov onun sağ gicgah nahiyyəsinə yumruqla zərbə vurub. Orada olan şəxslərin köməkliyi ilə mübahisə sakitləşdirilib.
Hadisədən 2 ay sonra bununla əlaqədar Elnur Namiqlə 6-cı mikrorayonda yerləşən kafedə görüşüb. Lakin orada üzr istəməsini gözləsədə, onun peşmançılıq keçirməməsini görüb. Elnur fiziki gücünün Namiqə yetməyəcəyini anlayıb.
2018-ci ilin yanvar ayında Atyalı qəsəbəsindəki evinin həyətində silahın qundağını və lüləsini kəsib özünə məxsus avtomobilin yük yerində saxlamağı və münasib vaxt olan kimi Namiqi vurmağı qərarlaşdırıb.
Tüfənigin kəsilmiş hissələrini salafan torbaya qoyub işdən qayıdarkən yolda zibil qutusuna tullayıb.
Yasamal rayonu ərazisində yerləşən ovçular mağazasından 5 ədəd patron alıb. Onlardan ikisini yoxlamaq üçün qəsəbədə çöllük ərazidə havaya atıb.
Elnur Əliyev ifadəsinin davamında bildirib ki, noyabrın 9-u saat 19:00 radələrində işdən evə gəlib. Uşaqları yatızdırıb gecə saat 1 radələrində evdən çıxıb. Namiq Cəfərovu cəzalandırmaqdan ötrü Mərdanov qardaşları küçəsi 119 ünvanına yollanıb. Cəfərovun avtomobili həyətdə olmadığından onun hələ evə gəlmədiyini başa düşüb təxminən 2 saata yaxın yataqxananın həyətində gözləyib.
Saat 4 radələrində Namiqin idarə etdiyi avtomobilin həyətə daxil olduğunu gördükdə çantanı götürüb yataqxanaya girib. İti addımlarla dəhlizlə arxa girişə çatıb. Silahı çantadan çıxarıb və Namiqin pilləkənlərlə yuxarı mərtəbəyə qalxdığını görüb. Bu zaman silahın tətiyini çəkərək onun arxa nahiyyəsi istiqamətində atəş açıb və binadan çıxaraq qaçıb. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Elnur Əliyev bildirib ki, Cəfərovu başından və ürəyindən vurmaq imkanı olub sadəcə onu qətlə yetirmək istəməyib.
Məhkəmə prosesində Elnur Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəmiş şəxs məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Elnur Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Natiq