Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Komitə sədri Musa Quliyevin təqdimatı ilə müzakirə olunan layihəyə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişir.
Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
Layihəyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.
Bildirilib ki, yeni dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Elşad Paşasoy,