Demə, İran niyə viran oldu?!

 


Qəzənfər Həmidoğlu:
30 il əvvəlin söhbətidir. 80-ci illərin sonunda “Moskva” jurnalında Nikolay Karamzinin “Rusiya dövlətinin tarixi” (“История государства Российского”) çoxcildliyi ixtisarla dərc olunmuşdu. Karamzinin XIX əsr Rusiyası üçün bestseller sayılan tarix kitabları sovet dönəmində mürtəce sayılırdı və bir çox tarixçinin bu əsərdən xəbəri yox idi.
Puşkinin “qədim rus tarixinin Kolumbu” adlandırdığı Karamzin bu kitabları ilə əslində, rus tarixçiliyinin digər “ataları” – “Rusiya tarixi üzrə dərs kitabı”nın müəllifi S.M.Solovyov və “Rus tarixi kursu”nu yazan V.O.Klyuçevski kimi “Qədim Rusiya”nı haralardansa axtarıb “tapmışdı”. Kədərlidir ki, tatar zadəganlarının nəslindən olan Karamzin – yəni, Qara Mirzə və ya Qara Şahzadə Rusiya və dünya tarixindən tatarları, Qızıl Ordanı silməyə cəhd etmişdi. Yeri gəlmişkən, imperiya tarixçiləri olan Karamzin, Solovyov və Klyuçevskini Putinin “tarix müəllimləri” saymaq olar...
90-cı illərin əvvəlində “Rusiya dövlətinin tarixi”ndən Səfəvilərlə bağlı bir parçanı “Oğuz eli” qəzeti üçün tərcümə etmişdim. Karamzin kitabında yazırdı: “ Fyodora (Rurik sülaləsinin sonuncu rus çarı I Fyodor İvanoviç) türklər üzərində umduğu qələbəsi barədə xəbər çatdıran Şah Qodabənd (Səfəvilərin 4-cü şahı Məhəmməd Xudabəndə) ona türkləri Bakı və Dərbənddən qovmağı təklif edir və vəd edir ki, əgər onları özü alsa belə, qədimlərdən Persiyaya məxsus olan bu şəhərləri bizim əbədi hakimiyyətimizə güzəştə gedəcək. Bu şərtlərlə ittifaq bağlamaq üçün Fyodor elçi V. Vasilçikovu Şaha göndərir (1588-ci ildə), elçi Qodabəndi artı zindanda tapır: taxtda atasını yıxan Mirsə Abbas (Səfəvi xanədanının 5-ci və ən qüdrətli hökmdarı I Abbas və ya Böyük Abbas cənnətməkan) idi. Lakin bu dəyişiklik Rusiya və Persiya arasındakı nəcib anlaşmanı pozmadı. Yeni Şah Qəzvində Fyodorun əsilzadəsini böyük şərəflə qəbul etdi və iki əyanını – Butakbek və Andibeki (Hadi bəy) Moskvaya göndərdi ki, Çara elan etsinlər: əgər bizim (rusların) iştirakımızla türklər ordan sıxışdırılacaqsa, bizə yalnız Dərbəndi Bakı ilə deyil, hətta Təbriz və bütün Şirvan torpağını güzəştə gedəcəklər; Sultan ona sülh təklif edir, qızını onun qardaşı oğluna vermək istəyir, amma o (Abbas) bu barədə heç eşitmək belə istəmir, ümidi Rusiyaya və İspaniya tacının sahibinədir, həmin vaxt onun elçisi də Persiyada idi. Xüsusilə Qodunova ( Boris Qodunov – Fyodorun arvadının qardaşı, mənşəyi Qızıl Ordaya uzanan Qodunov xanədanın ilk çarı) təqdim olunan Şahın əyanları ona deyirlər: “Əgər bizim hökmdarlar sevgi və dostluqda səmimi olsalar, birgə güclərimizlə gör nələr edərik? Türkləri Persiya səltənətindən qovmaq azdır – Konstantinopolu da zəbt edə bilərik!..” Elçiləri göndərdilər, onlara dedilər ki, bizimkilər arxalarınca Şaha gəlirlər; lakin onlar yola düşməyə macal tapmamış Moskvada Abbasla Sultanın (III Murad) sülh bağladığını eşitdilər...”
Karamzinin yazdıqlarını hansı mənbədən götürdüyü və kimdən eşitdiyi bəlli deyil, amma 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi ilə Təbriz, Gəncə, Qarabağ, Şirvan, Gürcüstan, Luristan və s. torpaqlar Osmanlıya verilir.
“Oğuz eli”ndəki yazıda Qızılbaş əyanlarına nifrət edən və hakimiyyətdən uzaqlaşdıran Məhəmməd Xudabəndənin xanımı Məhdi Ülyanı - Mazandaran xanı Abdullanın qızı, islam tarixinin ən yüksək rütbəli, "Nəvvabi-Naibəyi-Səfəviyyə" titullu qadını olan Şahbanu Xeyrənisə Bəyimi Səfəvi əsilzadələrinin oğlunun – Abbasın gözü qarşısında qətlə yetirmələrindən və taxta çıxdıqdan sonra onun anasının intiqamını Qızılbaş bəylərindən almasından da bəhs etmişdim.
Yazının adı “Farslar nə yoğurdular, nə yapdılar, hazırca kökə tapdılar” idi. O vaxtlar Birinci Qarabağ savaşı tezəcə start götürürdü, Rusiyanın hərbi qruplaşması Gəncədən çıxarılmamışdı. Bununla belə, Təbrizlə Dərbənd arasında götür-qoydan sonra qeyri-dost ölkələrin sırasında №1-ə cənub qonşumuzu yazmalı oldum.

Gözəl və sevimli yazıçımız Mövlud Süleymanlı “Oğuz eli”nin baş redaktoru idi və sovet hökumətinin dağıldığı vaxtlardı. Cürbəcür adamlar gəlib məni tapır, etiraz edir və söyüb gedirdilər. 5-10 nəfər deyildilər. Maraqlıdır, bu qədər İran uşağı sovet dönəmində haralarda və necə yetişmişdi, molla rejimi bolşeviklərin Allahsız cəmiyyətinə “5-ci kolon” toxumlarını hansı yollarla səpə bilmişdi?!.
30 il sonra...
Qayıdaq bu günümüzə. Təbii ki, Azərbaycan regionda əlavə gərginlikdə maraqlı deyil, xüsusilə qonşuları ilə problemlərin olmasında heç maraqlı deyil. Amma problemi biz yaratmırıq. Təəssüf ki, Azərbaycana köhnə narrativlərlə aqressiv siyasət, təhdid və hərbə-zorba obyekti kimi baxmaqda davam etmək istəyirlər. Lakin İkinci Qarabağ savaşındakı qələbəsi ilə Azərbaycan artıq hədəf-obyekt deyil, regiondakı proseslərin subyekti-oyunçusu olduğunu nümayiş etdirdi.
«Unudulmuş İran”, “İran inqilabının triggeri”, “Kimin halvası çalınır?”, “500 ilin tarixçəsi...” adlı yazılarda bəndəniz İran daxilində və ətrafında gedən proseslərə fərqli aspektlərdən yanaşmağa cəhd etmişdi. Amma ortalıqda yanaşmalı və anlamalı bir şey yoxdur, İran mollakratiyası da Putinokratiya kimi xəstədir, istifadə müddətləri çoxdan ötüb. “Hərifullah” anlamır ki, Həmədan eşşəyi çoxdan ölüb, Azərbaycan hakimiyyətinə “Bakı hökuməti” deməklə onu dirildə bilməyəcək...
Amma bizdə də kimsə xam xəyala qapılmasın ki, Azərbaycana münasibətdə ekzistensial xofdan çıxa bilməyən İran elitası Azərbaycan fobiyasından qurtula biləcək, aqressiv siyasətindən əl çəkəcək. Tehran Azərbaycana qarşı informasiya və əsəb savaşını illərlədir aparır. Biz isə İranı hələ də dərindən tanımır və dərk etmirik. Baxmayaraq ki, İran saytlarının hamısının türk və rus variantları var.
İrandasa bizim cikimizi də bilirlər, bikimizi də. Azərbaycanda İrana qarşı deyilənlər və yazılanlar barəmizdə İran mediasında yazılanların, Tehran rəsmiləri, deputatları və analitiklərinin dediklərinin yanında toya getməlidir. Görün İran mediasında bizdən nə yazırlar:
• Mollasayağı analitika, taktika, aqressiya və səfsəfə
Deputat Seyid Alborz Hüsseyni: “Gülüstan müqaviləsi olmasaydı, Azərbaycan İranın bir hissəsi olardı”.
“The International Group” (Tehran): “Bu psevdosiyasətçi meydanı boş, atmosferi xaotik görüb bulanıq suda balıq tutmaq istəyir. Düşmən kim və hardan olursa-olsun, vaxtında reaksiya vermək və ağzından vurmaq lazımdır”.
Professor Məhəmməd Əli Xezbari: “İranın şimalında Türkiyə NATO-su (Türk Dövlətləri Təşkilatını (TDT) nəzərdə tutur) yaratmaq bizim düşmənlərin hədəflərindən biridir. İranın TDT-yə daxil olması Azərbaycan rejiminin düşmən siyasətinə qarşı mübarizə üsullarından biridir”.
“Ebtekar News” (reformistlərin qəzeti): “Bakı amerikan eksseslərinin regionda sonuncu qurbanıdır”.
İSNA. Analitik Əhməd Kazimi: “ Bakı hansısa formada öz suverenliyini sionist rejimi, Türkiyə və İngiltərə arasında bölüşdürüb... Düşüş yaşayan amerikan hegemoniyasına qarşı müqavimət oxunun liderləri olan Çin, Rusiya və İranın Asiyada yaratdıqları yeni düzən Qafqaz və Orta Asiyanı da əhatə edir... Tehran, Moskva və Pekinin əməkdaşlığı dövründə “NATO-nun Turan dəhlizi” mümkün deyil və sionist rejim Qafqazı tərk etməlidir”.
Təbrizli deputat Məhəmməd Reza Mirtacuddini: “ Diqqət edin, Azərbaycan İrandan ayrılıb, əksinə deyil. Bir məqamı yadınıza salım və yaxşı yadda saxlayın, bu ritoroka ilə qonşuluqda problem yaratmayın. Əgər lazım gələrsə, sizə yalnız Aşur ordusu cavab verər, əgər kimsə birləşirsə, Naxçıvan İrana birləşməlidir”.
Deputat Əhmədi Beqaş: “ Azərbaycan məmurları və rəsmi şəxsləri hədlərini aşıblar... Biz Azərbaycan xalqını bizim əbədi mövcudluğumuzun bir hissəsi sayırıq... Bilsinlər ki, azərbaycanlılar öz zülmə məruz qalan həmvətənlərinin İranın qucağına qayıtmasını istəyirlər”.
İSNA: “Bütün anti-İran separatçı fəaliyyət və təbliğat Azərbaycan Respublikası tərəfindən koordinasiya edilir və dəstəklənir. Bakı hökuməti buna görə hüquqi və cinayət məsuliyyəti daşıyır... Nə qədər gec deyil, Bakı öz səhvlərini düzəltməli və kompensasiya verməlidir”. 

• Mollavari nəsihət, məsləhət və himayədarlıq
Deputat Seyid Mürtəza Hüsseyni: “Amerika və İsrailin çürümüş ipi ilə quyuya düşməyin...”
IRNA: “ İran kiçik uşağının qayğısını çəkir, ondan fitnə gəldiyini bilsə belə...”
Vitse-spiker Əli Nikzad: “Nəvə babaya etiraz edə bilməz, odur ki, Azərbaycan liderinin bəyanatının heç bir əsası yoxdur”
İRNA: “İranın həmişə öz ayrılmış hissəsinə atalıq və xeyirxah münasibəti olub və gözləyib ki, qələbədən sonra Tehrana dəyər veriləcək, amma olmadı...”
• Molla komedixana və illüziyası
“Ebtekar News”: “ Tehran – Qafqazın mədəniyyət mərkəzidir”.
Quds Online.ir: “ Bakı İranın bir batalyonu qarşısında dura bilməz”
İSNA. Analitik Əhməd Kazimi: “ Ukraynadakı müharibənin nəticələrindən biri budur ki, Rusiya heç bir halda Qarabağı verməyəcək, əgər hətta onu növbəti Kalininqrada çevirə bilməsə belə, Qarabağa özünün daimi bazası kimi baxmaqda davam edəcək...”

Beləcə, diplomatik etiketi tullayıblar bir kənara, nə siyasi qanacaq, nə mərifət var. Müzir və iyrənc təbliğatla məşğuldurlar. Müştəbeh və təkəbbürlü olduqları qədər də əcaib, zəhlətökən, primitiv, isterik, depressiv, abdal və gülüncdürlər. Tam bir “aftafakratiya” mənzərəsidir - başlarını soxublar əba-çuxa altına, dünya bunları arxadan seyr edir...
Böyük Sabir demişkən:
İndi qandınsa işin əngəlini,
Demə, İran niyə viran oldu?!

Demokratikmusavat.com

0.190025806427