“Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi ABŞ-ın milli təhlükəsizlik marağıdır”

 

Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsindən sonra başlayan və 30 ildən çox davam edən münaqişəyə uzunmüddətli sülhün əldə edilməsi üçün tarix fürsət var.

"Demokratikmusavat.com"-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib.

O, bildirib ki, sentyabrın 13-14-də olduğu kimi bu istiqamətdə bəzi geriləmələr olub.

“Toqquşma başladığı zaman biz dərhal döyüşlərin dayandırılması ilə məşğul olduq. Bu geriləmə bizim hamımıza vəziyyətin həssasslığını, dayanıqlı və hərtərəfli sülh razılaşmasının önəmini xatırlatdı”, - deyə Karen Donfrin bildirib.

O əlavə edib ki, Dövlət katibi Entoni Blinkenin liderliyi ilə ABŞ dialoqun davam etdirilməsində vasitəçi olub və sentyabın 19-da həmçinin noyabrın 7-də xarici işlər nazirlərinin birgə görüşünə ev sahibliyi edib.

O, oktyabrın 4-də Blinkenin hər iki tərəflə telefonla danışığı apardığını da xatırladıb:

“Bizim iştirakımız sayəsində oktyabrın 4-də Azərbaycan sentyabr döyüşləri zamanı əsir düşmüş 17 erməni əsiri azad edib. İki tərəf arasında etimad üçün bu cür addımlara ehtiyac var”.

Karen Donfrid qeyd edib ki, ABŞ Avropa İttifaqı (Aİ) və digər tərəfdaşlarla yaxın koordinasiya içərisində Azərbaycan və Ermənistanı danışıqları davam etdirməyə cəsarətləndirir.

O, ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan dialoqu alqışladığını vurğulayıb:

“Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması dialoqunu müsbət qiymətləndiririk və hər iki tərəfə yardımçı rolu oynamağa hazır olduğumuzu bildirmişik. Bu, regional sabitliyi artıra və daha böyük iqtisadi inkişafa apara bilər. Həmçinin bu, Rusiyanın Ukraynadakı səbəbsiz və qəddar müharibəsi fonunda indi daha vacibdir”.

Karen Donfrid vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi doğru davranış olmaqla yanaşı ABŞ-ın milli təhlükəsizlik marağıdır.

0.1747510433197