Ərdoğandan qardaş ölkələrə mesaj

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak edib.

"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 9-cu Zirvə toplantısında çıxış edib.

Ukraynada davam edən müharibənin ədalətli sülhlə sona çatması üçün hər cür səy göstərildiyini bildirən Ərdoğan sözlərini belə davam etdirib:

“Biz ərzaq böhranının qarşısını almaq üçün lazımi müdaxilələri edirik. Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Cənubi Qafqazda sülh prosesi hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz Şanlı Qarabağ Qələbəsinin ikinci ildönümündə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı və rifah arzulayıram. İlham qardaşımız timsalında Azərbaycan xalqını bir daha təbrik edirəm. Biz Azərbaycanın ədalətli mübarizəsində olduğu kimi, sülh yolunda da yanındayıq”.

Daha sonra Ərodoğan çıxışında PKK/PYD/YPG/FETÖ/DEAŞ və Əl-Qaidə məsələsinə də toxunub:

“Türkiyə olaraq PKK/PYD/YPG/FETÖ/DEAŞ və Əl-Qaidə də daxil olmaqla qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdiririk. Ölkəmizə qarşı terror təhlükəsi tam aradan qaldırılmayana qədər dayanmayacağıq. Qətl və casusluq şəbəkəsi olan FETÖ ilə mübarizəmizdə qardaş və bacılarımızın dəstəyinə ümid edirik. Bir daha qeyd etmək istəyirəm ki, FETÖ-nün aradan qaldırılmasında sizinlə hər cür əməkdaşlığa hazırıq”.

Ərdoğan onu da qeyd edib ki, Türkiyə 2014-cü ildən bəri dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir. “3,6 milyonu Suriyadan olan təxminən 5 milyon məzlumu qəbul edirik. Biz qeyri-qanuni miqrasiyanın qarşısının alınması və idarə olunması sahəsində əməkdaşlığımızı genişləndirməyi faydalı hesab edirik. Bu kontekstdə ümumi təhlükəsizlik konsepsiyası hazırlamağımız və təhlükəsizlik şurası katiblərinin görüşlərini davam etdirməyimiz məqsədəuyğun olardı”.

Ərdoğan çıxışı zamanı bildirib ki, onlar qardaşlıq qanunlarının tələblərini yerinə yetirərək Şimali Kipr Türk Cümhuriyyətini Təşkilatlarına müşahidəçi üzv qəbul ediblər.

“Türk dünyasının ayrılmaz bir parçası olan kiprli qardaşlarımızın tək olmadığını göstərərək həll prosesinə də töhfə verdik. Bu həmrəylik iradəsini nümayiş etdirdiyiniz üçün sizə, əziz bacı və qardaşlarıma təşəkkür etmək istəyirəm”.

Türkiyə prezidentinin sözlərinə görə, regionumuzda baş verən son hadisələr ümumi dəhliz marşrutunu daha da səmərəli etmək üçün bizə imkanlar açır.

“Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ilin oktyabrında istifadəyə verilməsi ilə ümumi dəhlizin mühüm sütunu tamamlanıb. Türkiyə olaraq eyni məqsədə xidmət etmək üçün Marmaray, Yavuz Sultan Səlim körpüsü, Avrasiya keçidi, İstanbul Hava Limanı, Osman Qazi Körpüsü, 1915 Çanaqqala Körpüsü kimi böyük layihələri istifadəyə vermişik.

Xəzərdən keçən Şərq-Qərb-Mərkəzi Dəhliz marşrutu üzrə gömrük rüsumlarının götürülməsi və ya azaldılması, tranzit yükdaşımaların asanlaşdırılması ticarət dövriyyəmizi artıracaq. Beynəlxalq Kombinə Yük Daşımaları Sazişinin imzalanması bu baxımdan sevindirici haldır. Sammitimiz münasibətilə ticarətin asanlaşdırılması üçün xidmətlər və investisiyalar sahəsində Azad Ticarət Sazişinin, mallar istisna olmaqla, mal və xidmətlərin sərbəst hərəkəti üzrə Strategiya Sənədinin imzalanması da vacibdir.

Bizim ümumi coğrafiyamız strateji enerji dəhlizlərinin kəsişməsində yerləşir. Türkiyə uzun müddətdir ki, özünün və bölgəsinin enerji təchizatı təhlükəsizliyini dəstəkləmək üçün fasiləsiz addımlar atmaqdadır. Bakı-Tbilisi-Ceyhan boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir. Cənub Qaz Dəhlizi qazı Avropaya nəql edəcək 4-cü arteriya kimi layihələndirilib. Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin əsasını təşkil edən bu dəhliz əlavə qaz təchizatı ilə daha da inkişaf etdirilə bilər. Bunun üçün ağla gələn ilk mənbə Xəzər hövzəsidir”,- deyə Ərdoğan bildirib.

0.17123413085938