"Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu dünya erməniliyinin bütün niyyətlərini puça çıxardı"

 

“Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə “böyük Ermənistan” mifini reallaşdırmaq istəyirdi. Lakin 44 günlük Vətən müharibəsi nəticəsində uzaqgörən, qətiyyətli lider cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu erməni faşizmini ağır məğlubiyyətə düçar edərək dünya erməniliyinin bütün niyyətlərini puça çıxardı. Bununla da Qaqfaza ciddi təhdid mənbəyi olan erməni faşizmi təhlükəsi aradan qaldırıldı”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Məşhur Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin gərgin və əzmli diplomatik fəaliyyəti nəticəsində Ermənistanın beynəlxalq normalara zidd olaraq törətdiyi insanlıq faciələri, etnik təmizləmə, soyqırımı siyasəti beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırılaraq ifşa edilib: “Cənab Prezident eyni zamanda beynəlxalq təşkilatları, dünyanın bəzi aparıcı ölkələrinin, o cümlədən münaqişənin sülh yolu ilə həlli ilə məşğul olan ölkələrin ikili standartlarını kəskin edib. Lakin nə beynəlxalq təşkilatlar, nə də ki, beynəlxalq vasitəçilər cənab Prezidentin Azərbaycan dövləti və  xalqı adından səsləndirdiyi kəskin tənqiddən nəticə çıxardılar. Əksinə, beynəlxalq vasitəçilər  Ermənistanın işğalçılıq siyasətinə göz yumub, onu dolayısı ilə işğalçılığa sövq edirdilər. Bu da təbii ki, Azərbaycan xalqının səbir kasasını doldurur və münaqişənin həlli ilə bağlı alternativ variantlara əl atmağa vadar edirdi. Cənab Prezident də dəfələrlə bəyan edirdi ki, Azərbaycan heç bir zaman işğal faktı ilə barışmayacaq və hansı yolla olur-olsun torpaqlarının işğaldan azad edəcək. Bunun üçün güclü iqtisadiyyata və orduya malik bir dövlət qurulmalı idi. Prezident  görürdü ki, bu gün dünyada qanun deyil, güc şahdır. Bunu özü də dəfələrlə bəyan edib. Ali Baş Komandanın yürütdüyü müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan güclü iqtisadiyyata, orduya, beynəlxalq aləmdə xüsusi nüfuza və çəkiyə malik bir dövlətə çevrildi. Cənab Prezident beynəlxalq birliyə, həm də işğalçı Ermənistana münaqişənin sülh yolu ilə həll edilməsinə çağırış etdi və onu da bəyan etdi ki, Azərbaycanın səbri sonsuz deyil və alternativlərə əl ata bilər. Lakin nə işğalçı Ermənistan öz təxribatçı fəaliyyətindən geri çəkilərək işğalçılğa son verdi, nə də beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətindən geri çəkilmək üçün ciddi tədbirlər gördü. Bu təxribat həm dövlətimizin başçısının, həm də xalqımızın səbrini tükəndirdi. Nəhayətində Azərbaycan bu məsələnin həlli məsuliyyətini üzərinə götürdü”.

Deputat əlavə edib ki, nəticədə sentyabrın 27-dən başlanan Vətən müharibəsi 44 gün ərzində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində erməni faşizmi üzərində qələbə ilə başa çatdı: “Beləliklə, qalib ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edildi və üçrəngli bayrağımız şəhərin mərkəzinə sancıldı. Bəli, bu tarixi zəfər xalq-dövlət-ordu birliyinin rəmzidir. 8 noyabr - Zəfər Günü 44 günlük Vətən müharibəsində müqəddəs torpaq uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Azərbaycan dövlətçilik tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər Günü ümumxalq birliyinin təzahürüdür.

Əminəm ki, Azərbaycan Prezidentinin yürütdüyü uzaqgörən, əzmkar siyasəti nəticəsində postmüharibə dövründə qarşıya qoyulan hədəflərə qısa zamanda nail olunacaq və Cənubi Qafqaz inkişaf etmiş, sabit bir bölgəyə çevriləcək”.

Mürtəza
Demokratikmusavat.com

0.20610690116882