“8 Noyabr – Zəfər Günü Azərbaycanın qələbə tarixidir. Bu zəfərin tarixi əhəmiyyəti olduqca böyükdür. Bu gün ona emosional yanaşıb, ancaq qələbə kimi qeyd edə bilərik. İllər keçdikcə onun möhtəşəm bir qələbə olduğu daha da aydın olacaq. Nəinki indiki nəsil, gələcək nəsillər də bunun əhəmiyyətinin böyüklüyünü ildən-ilə daha dərindən dərk edəcəklər”.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında siyasi şərhçi Rəfael Becanov deyib.
O qeyd edib ki, bu zəfərin Azərbaycan üçün mühüm tarixi, mənəvi, siyasi, hərbi, iqtisadi əhəmiyyəti var. Azərbaycan xalqının qüruru özünə qayıtdı: “28 illik işğala son qoyuldu. Azərbaycanın işğal altında olan əraziləri geri qaytarıldı. Həmin ərazidə olan iqtisadi resurslara nəzarət imkanımız bərpa olundu. Bu, xalqın güzəranına təsir edəcək mühüm məsələdir. El-obasından qaçqın düşmüş əhalimiz öz yurd-yuvalarına qayıdacaqlar. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan 30 ildən sonra öz sərhədlərinə nəzarət etmək imkanı qazandı.
Bütün bunlar 44 günlük müharibənin nəticəsidir. Şanlı Azərbaycan ordusu Ermənistanın mifləşdirilmiş hərbi qüvvələrini 44 günə darmadağın etdi. Ermənistan ordusu ağır itkilər verərək, işğal etdiyi torpaqlardan qaçdı. Döyüş meydanında məğlub olduğunu görən Ermənistan rəhbərliyi 10 noyabr bəyanatını imzalamağa məcbur oldu. Əgər həmin kapitulyasiya sənədi imzalanmasaydı, onları hansı ağır nəticələrin gözləyəcəyini proqnozlaşdırmaq belə çətindir”.
Siyasi şərhçi əlavə edib ki, 28 illik danışıqlar, sülh yolu heç bir nəticə vermədi: “BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanı işğal etdiyi ərazilərdən öz hərbi birləşmələrini geri çəkməsi ilə bağlı 4 qətnaməsi, sadəcə, bir kağız parçasına çevrilmişdi. ATƏT-in Minsk Qrupu və onun həmsdərləri mövsümi turistlərə bənzəyirdilər. Azərbaycan istəməsə də, son çıxış yolu müharibə idi. Azərbaycan dövləti 44 günə BMT-nin 28 ildə edə bilmədiyini, ATƏT-in Minsk Qrupunun etmək istəmədiyini öz gücünə həll etdi.
Nəticədə 44 günə Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etdi. Onu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan bu müddətdə istər siyasi, istərsə də hərbi performans göstərdi. Prezident İlham Əliyev 44 günlük müharibə boyu dünya mediasına verdiyi çoxsaylı müsahibələrdə faktlarla sübut etdi ki, Azərbaycanın mövqeyi haqlıdır. Ordumuz isə döyüşün bütün növlərində hansı gücə qadir olduğunu bütün dünyaya göstərdi. 44 günlük müharibə dünya hərb tarixində bir yenilik kimi qəbul olunur.
Bu zəfərin digər mühüm tərəfi isə region və dünya üçün əhəmiyyətli olmasındadır.
Onun missiyası dövlətimizin və bütünlükdə dövlətimizin yerləşdiyi regionun inkişafına adekvatdır. Bu zəfərlə regionda sülh və sabitliyə fürsət yaranır, iqtisadi inkişafın artmasına təkan verilir, xalqların dinc yanaşı yaşamaq hüququ təsbit olunur.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyi təhdid edən ən böyük problem hesab olunurdu. Bu zəfərlə ilk olaraq onu aradan qaldırmağa müfəvvəq olundu. Eyni zamanda regiondakı humanitar böhrana son qoyulmuş oldu.
Digər bir mühüm məqam isə Ermənistanın regiondakı təcavüzkar niyyətlərinin qarşı alındı. Ermənistan yalandan mifləşdirilmiş ordu və diaspor təşkilatları vasitəsilə təkcə Azərbaycana deyil, digər qonşularına qarşı da ərazi və torpaq iddiası edirdi. Bu məsələ də birdəfəlik həll olundu. Məğlub Ermənistan, 44 günə darmadağın olmuş ordu diasporu da düşünməyə və dövlətləri üçün acı nəticələr yaradacaq xəyallardan əl çəkmək haqqında düşünməyə vadar edəcək. Azərbaycan bu zəfərlə şovinistlərin və xəyalpərəsət erməni diasporunun "Böyük Ermənistan" xülyasına birdəfəlik son qoydu.
Bu Zəfərin siyasi nəticələrlə yanaşı bölgə, o cümlədən dünya üçün böyük iqtisadi təsirləri də vardır. Kommunikasiyaların açılması, region dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir edəcək. Bu gün Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan və kommunikasiyaların açılmasını ehtiva edən bəndin icrasını gecikdirsə də, yəni Zəngəzur dəhlizinin açılmasını yubatsa da, buna nail ola bilməycək. Azərbaycanın mövqeyi qətidir. Ermənistan 10 noyabr bəyanatında üzərinə götürməyə öhdəlikləri yerinə yetirməyə məcburdur. Zəngəzur dəhlizinin açılması da bu sənədlə təsbit olunur. Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bir daha bəyan edib ki, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Bu, Azərbaycanın mövqeyidir. Ona görə də Ermənistan geri çəkilməyə məhkumdur və Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq. Bu dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olduğu qədər də Avropanı və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərindən biridir. Bu, ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsinə imkan yaradacaq.
Zəfər Günü Azərbaycanın uğurudur. Bu uğur Azərbaycanla yanaşı dünya üçün geopolitik və iqtisadi inkişafa töhfə baxımından olduqca əhəmiyyətlidir”.
Mürtəza
Demokratikmusavat.com