“Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. 44 gün davam etmiş "Dəmir yumruq" əməliyyatı bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi”.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, 44 günlük müharibədə isə Silahlı Qüvvələrimiz ən müasir hərbi texnologiyadan, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarından, həmçinin yüksək dəqiqlikli artilleriya silahlarından, Ermənistan ordusunun öncə görə bilmədiyi döyüş üsullarından istifadə etməklə Qarabağ səmasında hakim olduğunu, uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, tamamilə yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etdi: “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi və heyrətini doğurdu. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqlikli hərbi texnika, ən başlıcası isə Azərbaycan əsgərinin mətinliyi və cəsurluğunu xarici hərbi mütəxəssislər, ekspertlər belə etiraf etməli oldular”.
Nuriyev əlavə edib ki, ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır: “Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruhu vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə, bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Bu birliyin məhək daşı Prezident İlham Əliyevin milli birlik siyasəti, onun liderliyi oldu. Azərbaycan xalqının milli-mənəvi bütövlüyü, əzəməti Ali Baş Komandan kimi İlham Əliyevin qətiyyətində, qorxmazlığında təcəssüm tapdı. Öz çıxışlarında milli həmrəyliyi Azərbaycan xalqının təbii güc mənbəyi kimi qiymətləndirən cənab Prezident bizə əslində uğurun formulunu da təqdim edir: Güclü lider, güclü xalq və güclü birlik! Bu qələbə düsturudur və hər birimiz milli həmrəyliyin təntənəsinə töhfəmizi verməliyik”.
Mürtəza
Demokratikmusavat.com