"Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib"

 

“Bu günlərdə çağdaş tariximizin ən şərəfli səhifəsi olan 8 noyabr - Zəfər Gününü qeyd etməkdəyik. Azərbaycan xalqı son bir neçə yüz ildə belə bir şərəfli tarixi hadisəni yaşamamışdı. Son 200 ildən artıq müddətdə Azərbaycan ancaq topraq itkisi ilə üzləşdirdi. Lakin XXI əsrdə Azərbaycan bu tilsimi qıraraq işğlaçılara öz yerini göstərmək nəsib oldu. 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılığına son verib, xalqımıza qələbə müjdəsini və sevincini bəxş etdi”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, Azərbaycan insanı əldə edilən qələbənin əhəmiyyətini və necə gərgin zəhmət hesabına başa gəldiyini dərk edib, ona qiymət verməkdədir: "Zəfərimizin təmin olunmasında ən böyük pay rəşadətli Azərbaycan Ordusuna məxsusdur. Çünki zəfərimizi qəhrəman vətən oğulları öz qanları hesabına tarixə yaza bildilər. Minlərlə igid oğullarımız vətən torpaqlarının azadlığı uğrunda “vətən sağ olsun” deyərək, öz canlarından keçib, şəhidlik zirvəsinə yüksəldilər. Vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımız illər ərzində əyilmiş qəddimizi dikəltdi. Məhz onların bu qəhrəmanlığı, şücaəti nəticəsində biz dünyada məğrur, qalib xalq kimi tanınırıq. Bu möhtəşəm qələbəni isə xalqımıza və ordumuza bəxş edən cənab İlham Əliyevdir. Məhz onun rəhbərliyi, komandanlığı, yürütdüyü müdrik, uzaqgörən, qətiyyətli, hədəflərə xidmət edən siyasəti nəticəsində mümkün olub”, - o qeyd edib.

Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuz Azərbaycan əsgərinin necə yüksək peşəkarlıq qabiliyyətinə malik olduğunu dünyaya nümayiş etdirdi: “Xüsusən də ən müasir silahlardan istifadə etməklə düşmənin uzun illər ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlarını qısa müddətdə darmadağın etməklə müasir hərb tarixinə yeni hərb strategiyasını gətirmiş oldu. 44 gündə Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri təkcə tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan silahlarla mülki insanlara, obyektlərə dağdıcı zərbə endirmədən qazanmaq olar.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etməklə Ermənistanı kaputilyasiya aktını imzalamağa vadar etdi”, - o qeyd edib.

Deputat onu da əlavə edib ki, tarixin bütün zamanlarında olduğu kimi Vətən müharibəsində də qardaş Türkiyə Cumhuriyyətinin siyasi və mənəvi dəstəyi hər bir Azərbaycan vətəndaşının qəlbində iftixar hissi ilə qarşılandı: “Müharibədən sonrakı yenidənqurma işlərində də türk şirkətləri bizlə bərabər çiyin-çiyinə əmək sərf edirlər. Bu qardaşlığın, dostluğun və müttəfiqliyin təcəssümüdür. Eyni zamanda regionda iki qüdrətli türk dövlətinin söz sahibi olması, bütün dünyanı heyrətə gətirir. Azərbaycanın Vətən müharibəsindəki qətiyyətli qələbəsindən sonra ölkəmiz təkcə Cənubi Qafqazın deyil, dünyada söz sahibi olan dövlətə çevrilib. Azərbaycan bölgədə istər siyasi, istər hərbi, istərsə də iqtisadi və diplomatik sahələrdə liderdir. İşğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanır, burada infrastruktur layihələri həyata keçirilir. Tezliklə işğaldan azad olan ərazilər regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək. Bu da Azərbaycanın gücünə əlavə güc qatacaq. Cənab Prezidentin liderliyi altında Azərbaycan yeni-yeni qələbələrə və uğurlara imza atacaq. Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevriləcək”.

Mürtəza
Demokratikmusavat.com

0.17615818977356