“Soçi bəyanatı praktiki olaraq Vaşinqtonda qəbul ediləndən fərqlənmir və Ermənistan üçün qəbuledilməzdir”.
"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, bunu “Novosti-Armeniya” agentliyinə politoloq Hrant Mikaelyan deyib.
"Biz bəyanatı gördük - bu, Ermənistan tərəfi üçün qəbuledilməzdir. Bu, Vaşinqtonda qəbul edilmiş nizamlanmanın "Amerika variantı"ndan praktiki olaraq fərqlənmir. O, Azərbaycanın bütün maraqlarını təmin edir",- deyə Mikaelyan bildirib.
Ermənistan ekspertinin sözlərinə görə, görüşün nəticələri göstərdi ki, Ermənistanla bağlı heç bir təklif yoxdur.
"Ermənistanın bu sazişlərdən heç birini imzalamasına heç bir əsas yoxdur. Biz öz maraqlarımızı qorumaq üçün yeni danışıqlara və mövqelərimizi gücləndirməyə çalışmalıyıq. Bu danışıqlar prosesləri çərçivəsində faydalı heç nəyə nail olmaq mümkün deyil",- deyə politoloq əlavə edib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Bəyanatda bildirilir: “Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik.
Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq.
Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik”.