Soçi görüşünün nəticələri: məğlub “ayı” kimə “cırmaq atacaq”

 

31 oktyabr Soçi görüşündən çıxan nəticələr.

Birincisi, Rusiya artıq əvvəlki kimi Cənubi Qafqazda ciddi söz sahibi olmadığı açıq aydın ortaya qoyuldu. Putinin görüşün yekunu ilə bağlı verdiyi ümidsiz açıqlama bunun bariz nümunəsidir. Yekun açıqlama bir daha onu göstərdi ki, Putinin irəli sürdüyü sülh variantı, sülhməramlıların gələcəyi, Qarabağ və oradakı ermənilərin statusu “sülh variant” ilə bağlı təkliflər Azərbaycan tərəfdən qəbul edilməyib və birmənalı şəkildə rədd edilib. Azərbaycan Prezidenti birmənalı olaraq bəyan edib ki, Qarabağ məsələsi artıq tarixdir… Qarabağda yaşayan ermənilərin taleyi də Azərbaycanın daxili məsələsidir və buna kimsə qarışa bilməz. Məhz ona görə də ümumi fikilərə əsaslanan yekun birgə bəyanat imzalanıb.

Hansı ki, bəyanatda əks olunan fikirlər ondan öncə Praqa və əvvəlki görüşlərdə əksini tapan məsələlərdir. Bütün bunlar bir daha onu sübut edir ki, Rusiya ədalətli arbitr rolunu oynaya bilmədiyindən artıq bölgədə nüfuzunu itirib. Bölgə ölkələri Rusiyanı özünün etibarlı tərəfdaşı hesab etmir.

İkincisi, Ermənistanın bölgədə dayanıqlı sülhün yaranmasında deyil, gərginliyin davam etməsində maraqlı olduğu bəlli oldu. Bu özünü Soçi görüşündə Paşinyanın bəzi təxribatçı təklifləri, xüsusən də rus sülhməramlılarının müddətinin uzadılması, Qarabağ ermənilərinin təhlükəsizliyi, Azərbaycan qoşularının sərhəddən geri çəkilməsi, Rusiyanın bu məsələ ilə bağlı ortaya qəti mövqe qoyması və sair kimi məsələlər bunun göstəricisidir. 

Ermənistan hakimiyyətinin və erməni cəmiyyətinin sərgilədiyi son revanişist fəaliyyəti bunu deməyə əsas verir.

Paşinyanın Soçidən sonra dəhrəl İrana uçması da, bölgədə gərginliyin davam etməsinə, sabitliyin pozulmasına xidmət edir. 

Amma bütün bunlara baxmayaraq görüşdə Paşinyan belə, Rusiya tərəfinin irəli sürülən bəzi təklifləri qəbul etməyib və ondan imtina edib.

Soçi görüşünün nəticəsini Rusiyanın Cənbi Qafqaz maraqlarından geri çəkilmək niyyətində olmadığından, ədalətli sülhün imzalanmasına maraqlı olmadığı kimi dəyərləndirmək olar.  

Bundan sonra nə baş verəcək. Rusiya hər iki tərəfə müxtəlif formalardan istifadə edərək təzyiqlərini artıracaq və bir sıra təxribatlara əl atacaq. Moskva Azərbaycana qarşı Qarabağ kartından və daxildəki “5-ci kolon”dan istifadə edərək təzyiqlərini artıra bilər. Bəlli olduğu kimi, Kreml bir müddət öz adamı Ruben Vardanyanı Qarabağa yollayaraq oradakı separatçılığı yenidən körükləməyə başlayıb. Vardanyan artıq bu gündən etibarən Xankəndidəki separatçı rejimin “dövlət naziri” kimi fəaliyyətə başlayacaq. Bir neçə gün öncə Xankəndidəki separatçıbaçı Araik Arutyunyan da Moskva da olub və “lazımi təlimatlar” alıb.  Elə bazar günü Xankəndidə keçirilən mitinq də bunun tərkib hissəsidir. Yəni həmin mitinq Kremlin “xeyir-dua”sı ilə Rusiyaya bağlı siyasi qüvvələrin təşəbbüsü ilə keçirilib. Kreml Qarabağda bundan sonra da təxribatları davam etdirməsi istisna deyil və gözləniləndir. Bu prosesdə Kremlə Tehran və Paris də yaxından dəstək verəcək. Amma nəticə etibarı ilə bu cəhdlər uğursuzluğa düçar olacaq. Birincisi, Azərbaycan əvvəlki Azərbaycan deyil. Artıq Azərbaycan yenidən şəkillənən dünyada mühüm rola və nüfuza malik olkədir.

İkincisi, Azərbaycan cəmiyyətində də Rusiya ilə bağlı formlaşamış yekdil fikir mövcuddur. Digər tərəfdən isə Ermənistandan fərqli olaraq Azərbaycanda ciddi bir həmrəylik və birlik mövcuddur. 

Soçi görüşünün pis nəticələrini daha çox parçalanmış erməni cəmiyyəti üzərində hiss edəcək.

Birincisi, Kreml öz nəzarətində olan siyasi qüvvələrə və iş adamlarına, diasporaya Paşinyanın qələmini sındırmaq tapşırığı verib. Xankəndidə keçirilən mitinqin bir mesajı da Paşinyana xəbərdarlıq idi. Artıq Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrin noyabrın 5-dən etibarən etiraz aksiyalarına başlaması bunun tərkib hissəsidir. Moskva bütün resurslarında istifadə etməklə Ermənistanı öz çətiri altından çıxmasına imkan verməmək üçün təzyiqlərə başlayacaq. O baxımdan yaxın vaxtlarda Ermənistanda siyasi böhranın yeni mərhələsinin başlanması qaçılmaz olacaq.

Ermənistanın 44 günlük müharibədən sonra gələcəyi ilə bağlı düzgün strategiyasını müəyyən edə bilməməsi, təkcə ermənilərin gələcəyinə deyil, bütövlükdə bölgəyə ciddi təhdid yaradır. 

Mürtəza Banyadlı
Demokratikmusavat.com

0.78402495384216