Putinin geri yolu yoxdur, Paşinyan yol ayrıcında, Prezident Əliyev isə...

 

Rusiya 2036-ci ildək dəyişməyəcək, Qərb Ermənistanı xilas etmək istəyir ki, öz planlarını gerçəkləşdirsin, Azərbaycanın o seçimi qalır ki…

Sabah Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş bir çox məqamlarına görə mühümdür. Birincisi, Rusiya və tərəflər aydınlıq gətirməlidirlər ki, onlar Vaşinqton, yoxsa Moskva variantı üzrə sülh prosesini irəli aparmaq, bəlkə də yekunlaşdırmaq istəyirlər. Bu variantlar haqda yalnız ehtimallar var. Bildirilir ki, guya Vaşinqtonun həll variantında Qarabağa heç bir siyasi statusdan söhbət getməsə də, Moskvanın təklifləri sırasında belə bir 15-ci maddə olub. Putinin “Valday”dakı çıxışında Ermənistana yönəlik çıxışının məğzi də onu deməyə əsas verir ki, Moskvanın həll variantında Qarabağ ermənilərinin ürəyincə olan nələrsə mümkündür. Putinin “hansı sizə sərf edirsə, özünüz qərar verin” deyərək guya seçim imkanı tanındığı haqda dediyi əlbəttə ki, publika üçündür. Rusiya “ovcunun içindəki”problemi Qərbə həll etmək üçün verəcəyinə heç kim inanmaz. Putin tərəflərin sülh sazişinin imzalanmasını alqışladıqlarını dedi, amma daha mühüm olanını eşitmədik. Putin deməliydi ki, əgər sülh olarsa, Rusiya bu anlaşmanı tanıyacaq, sülhməramlıların isə ən tez bir zamanda çıxmasını istəyər. Putin bunları demədi, deməzdi, deməyəcək də... 

Sabahkı görüşün qapalı keçən hissəsinin təfərrüatlarını biz bilməyəcəyik, amma demək olar ki, bütün kartlar açıqdır- tərəflər nə istəyir, Qərbin planı nə, Rusiyanın reaksiyası, ortadadır.

Putinin niyə  başqa yolu yoxdur? 

Putinin “Valday”dakı çıxışı Rusiyanın yaxın 10 ildə “yol xəritəsi” kimi də xarakterizə etmək olar. Ən azı 2036-cı-Putinin rəsmi prezidentlik müddətindək dünyaya təklif ediləsi başqa, yeni, hətta yenilənmiş Rusiya yoxdur. Putin nə daxili vəziyyətin qiyamla devirdiyi Elçibəydir, nə beynəlxalq güclərin boynuna ip saldığı Səddam Hüseyn. “QKÇP”-nin səlahiyyətlərini mənimsəmək istədiyi  Qorbaçov heç deyil. O səbəbdən, Rusiyanın ənənəvi siyasətini davam etdirməkdən başqa yolu yoxdur. Bu siyasət isə böyük ölçüdə qaba gücə, hiyləgər və məkrli siyasətə söykənir. Putinin bu baxımdan konkret sülh müqaviləsi və ya Qarabağla bağlı dəyişəsən siyasəti olmayacaq. Güc lazım olan güc, hiyləgərli lazım olanda hiylə işə düşəcək. 

Paşinyan “haça-paça”, amma...

Ermənistan haça-paça vəziyyətdədir, "it hürən" , yoxsa "yaralı ayı" tərəfə gedəcəyi seçimini edə bilmir. “İşıq gələn”(Azərbaycan) tərəfi seçmək kimi müstəqilliyi isə yoxdur. Paşinyan Qərbin projesidir, onu hakimiyyətə Ermənistana “dimdiyində”nə demokratiya, nə regiona təməlli sülh təmin etmək üçün gətiriblər. Paşinyan onlara məhz indiki zaman üçün gərək idi ki, Rusiyaya qarşı qoysunlar. O səbəbdən ona dəstəyi hərtərəfli artırıblar ki, Rusiyaya qarşı gücəndirsinlər. Amerikaya sülh lazım olsaydı, bunu Minsk Qrupunda 28 illik fəaliyyətində edə bilərdi, ən azı Rusiyadan fərqli mövqe sərgiləyərdi. Bunların heç birini görmədik, təklif etdikləri "həll planları" isə aşağı-yuxarı bizi təslimçi sülhə məcbur etmək, ya da Qarabağı bizdən qoparmağa hesablanmışdı. O səbəbdən, Ermənistan indi iki səmimiyyətsiz, odioz və qarşı-qarşıya durmuş Qərblə Rusiya arasında “haça-paça” qalıb. Amma Ermənistan kimi sürüşkən bir dövlət üçün Qərbi satmaq və ya Rusiyaya arxa çevirmək də taleyüklü məsələ deyil. Əlbəttə, hər iki variantda ciddi risklər var. Məsələn, Rusiyanı "KTMT-dən çıxmaqla" hədələyən Ermənistana Putin  ilk zərbəni vurdu.  Video-toplantıda Ermənistana demək istədilər ki, əgər cəsarətin varsa, indi Qərbin dediyinə bax, KTMT-dən çıx, get, səni onlar qorusunlar. Paşinyan Ermənistan kmi qürursuz dövləti təmsil etməsəydi, bu cəsarətli addımı atardı. Amma Rusiya faktiki Lukaşenkonun dili ilə Paşinyana mesajını verdi. Bundan sonrası Paşinyanın necə deyərlər, olmayan qüruruna qalmış. 

Ermənistanı Qarabağ yükündən Qərb azad etmək istəyir, çünki Ermənistan 30 ildən çoxdur problemi “bətnində eybəcər döl kimi daşıyır”, nə "müstəqil dövlət kimi doğa bilir”, nə ayıb olmasın, "abort" edə. İndi Ermənistanın hamiləri Paşinyana deyirlər ki, “sən bizə Qarabağ problemi olmadan lazımsan. Gərək olsa, biz Rusiyaya da, Türkiyəyə də, Azərbaycana da Qarabağ olmadan da ciddi problem yarada bilərik”. O səbəbdən Avropa Birliyi, Vaşinqton ikili xətt aparır. Bir xətt Ermənistanı gücləndirmək, sərhəd problemini tezliklə həll etmək üçün çalışır. Başqa bir xətt ayrıca "Qarabağ problemi" üzərində işləyir. Amma əsas olan Ermənistanı Qarabağ “sancısından” xilas edib gücləndirmək, qorumaqdlr. Amerikadan gələn bəyanatlara diqqət edin, Ermənistanın suverenliyini ən ön plana çıxarırlar. Çünki Qərb iki dəfə ciddi strateji səhv edib. Gürcüstan və Ukraynanın ərazi problemi vardı. Qərb Gürcüstanı məhz bu separatçılığa görə Rusiyaya uduzdu, irəliləyə bilmədi. Ukraynada isə məqsədlərinə qismən çatdılar, amma bu ölkəyə ərazi problemi yaradılmasaydı, Rusiyanın etirazlarına baxmayaraq, bəlkə də Avropa Birliyinə və ya NATO-ya qəbul etmişdilər. 

Ermənistanın içində isə belə bir ərazi problemi yoxdur- Qarabağ onun ərazisi deyil, heç vaxt da olmayıb. O səbəbdən Ermənistan üzərindən uzaqgedən planlar qurmaq mümkündür. O şərtlə ki, Qarabağdan uzaq tutsunlar, o halda Avropa Birliyinə də, hətta NATO-ya da üzvlük mümkün ola bilər. Paşinyanın Qarabağdan imtina etməsinin sirri budur... 

Prezident Əliyevin gücü 

Azərbaycanın vəziyyəti bu baxımdan çətindir ki, biz kifayət qədər müstəqil siyasət aparırıq, balanslı siyasət yürüdürük. 44 günlük müharibənin nəticəsi olaraq da güclənmişik, amma açıq və gizli bədxahlarımız artıb. Amma Qərbin Ermənistan planı bizim xeyrimizə deyil. Deyə bilərik ki, sülh razılaşması imzalandıqdan sonra Ermənistanın hansı hərbi bloku seçməsinin və ya nə siyasət yürütməsindən bizə nə? Amma elə deyil. Baxın, Amerika hətta maraqları tələb edəndə iki NATO ölkəsini- Türkiyə ilə Yunanıstanı həm də tarixi düşmənçiliklərindən yararlanaraq bir-birinin üzərinə qaldıra  bilir. Yəni Ermənistanın tarixi düşmənçiliyindən yararlanaraq lazım bildikdə Azərbaycanla yanaşı Türkiyəyə qarşı qoyulmayacağını heç bir sülh sazişi təminat verə bilməz. O səbəbdən zənnimcə, Azərbaycanın da bir yolu qalır. Daxili siyasi problemlərin həllindən başlayaraq, ölkəni daha da demokratik prinsiplərə idarəçiliyini təmin etməli, iqtisadiyyatı xarici asıllıqdan(xarici risk faktorundan)zamanla azaltmalı, ölkənin müdafiə qabiliyyətini ən yüksək səviyyəyə gətirməli, Türkiyə ilə regional hərbi-siyasi blok formalaşdırılması tezləşdirməlidir. Yaxın 10 ildə dünya düzəni gərginlik, dövlətlərarası münasibətlərinin gərginləşməsi modundan çıxmayacaq. Bizim bu baxımdan hərtərəfli güclənməkdən başqa yolumuz yoxdur.Prezident Əliyevdə isə bunları edə biləcək siyasi iradə və güc var... (Yeni Müsavat)

0.1522228717804