Əsir düşən ana və qızını ayırıblar: "İçdiyimiz suyun içində..."

 

26 yaşlı Viktoriya Obidina müharibədən əvvəl Ukraynanın Mariupol şəhərində tibb bacısı kimi çalışıb. Fevralın 24-də müharibə başlayandan sonra Mariupol mühasirəyə alınanda o, 4 yaşlı qızı Alisa ilə Ukrayna əsgərlərinin müqavimət göstərdiyi Azovstal Polad Zavoduna sığınıb.

"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, burada onlar həm yaralı əsgərlərə qulluq edib, həm də kiçik qızları Alisa ilə birlikdə internetdə “Mənə kömək et” videoları yayıblar.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının müdaxiləsi ilə Azovstalda mülki əhalinin təxliyəsi üçün razılaşma əldə edilib. Bu yolla Viktoriya və Alisanı fabrikdən çıxararkən videolar səbəbindən onları tanıyan düşmən hərbçiləri ananı Rusiyanın nəzarətində olan Ukrayna torpaqlarına göndərib, qızını isə uşaq evinə aparıblar.

Xarici media yazır ki, ana beş aydan çox əsirlikdə qalıb, çirkli su içməyə məcbur olub, döyülmələrə və aclığa dözüb. Amma ona ən çox ağrı verən kiçik qızının başına gələnlər olub.

Nəhayət, bu ayın əvvəlində Rusiyadan olan əsirlərlə dəyişdirilən və azad edilən Viktoriya Obidina Fransanın AFP agentliyinə danışıb. O, Azovstalda keçirdikləri günlərində qızının özünü çox yetkin apardığını qeyd edib: “Alisa bəzən mənə kömək etdi, hətta dərman payladı”.

Ukraynanın şərqindəki Olenivka şəhərində Rusiyanın nəzarətində olan bədnam həbsxanada saxlanılan tibb bacısı “Bizə göldən su gətirirdilər, bəzən içəndə görürdük ki, içərisində xırda balıqlar da var. Avqust ayında göl çiçəklənməyə başlayanda suyun dadı yosun kimi gəlirdi”.

Viktoriya Obidina və qızı Alisa Viktoriya Obidina və qızı Alisa
Ayın əvvəlində Rusiya ilə əsir mübadiləsi zamanı sərbəst buraxılan tibb bacısı Viktoriya söyləyib ki, o da digər məhbuslar kimi təyyarəyə mindirilib, gözləri bağlanıb, sonra isə avtobusla Ukraynanın nəzarətində olan bölgəyə aparılıb. Onun ilk işi itkin düşən qızının izinə düşmək olub. O, bir müddət sonra uzaq qohumların və könüllülərin köməyi ilə Alisanın Polşadakı nənəsinin yanına aparıldığını öyrənib.

Məlumat üçün bildirək ki, əsirlik günlərində 10 kiloqram arıqladığını deyən gənc qadın indi Dneprdə psixoloji dəstək alır. O, ordudan getməyi və özünü qızına həsr etməyi düşünür.

Qeyd edək ki, beş yaşı tamam olan Alisa Polşada uşaq bağçasına gedir, polyak dilini öyrənir və anası ilə telefonda videogörüntü vasitəsilə əlaqə saxlaya bilir.

1.0919711589813