Deputat: “Bu, siyasi partiyaların mövqeyini öyrənmək baxımdan çox mühüm əhəmiyyət kəsb edir”

 

“Cənab  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi islahatlar  nəticəsində Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmışdır. Yeni siyasi konfiqurasiya, qlobal aləmdə baş verən proseslər və çağırışlar ölkədə siyasi institutların təkmilləşməsinə, yeni qanunvericilik bazasının formalaşdırılmasına ciddi zərurət yaratdığından, yaranmış şərait “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin  hazırlanmasını diqtə edirdi.  Milli Məclis cənab Prezidentin yürütdüyü siyasətin daha uğurla həyata keçirilməsi istiqamətində üzərinə düşən missiyanı  həyata keçirmək  məqsədi ilə qısa zamanda “Siyasi partiyalar haqqında “ qanun layihəsi hazırlayaraq ictimaiyyətin geniş müzakirəsinə təqdim edib”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.
Deputatın sözlərinə görə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə Milli Məclisdə yeni qanun layihəsinin geniş dinləməsi keçirilib. 

“Dinləmələrdə bütün maraqlı tərəflər iştirak edərək, öz fikirlərini bildirdilər. Siyasi partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən bu ictimai dinləmə bir daha Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi”,  – deyə o qeyd edib.

Deputat bildirib ki,  son illərdə parlamentdə aktual məsələlərlə bağlı dinləmələrin keçirilməsi artıq bir ənənə halını alıb: ““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı keçirilən dinləmələr siyasi partiyaların mövqeyini öyrənmək, onların da təklif və   fikirlərini  nəzərə almaq baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Bu cür dinləmələr ölkədə siyasi etimad, dialoq  mühitinin yaranması,  siyasi institutlaşmanın inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.  O baxımdan da Milli Məclisdə təşkil edilən dinləmələr ölkədə siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilməlidir. Digər mühüm məqam isə ondan ibarətdir ki, yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanaraq müasir dövrün tələblərinə uyğun  hazırlanmışdır. Yeni qanun layihəsi ölkədə siyasi partiyaların inkişafına və müasir dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsinə geniş imkanlar yaradacaq».

 Mürtəza
Demokratikmusavat.com

0.16841292381287