Rüşvət dili

 

ANLAŞILMAN ÜÇÜN RÜŞVƏT DİLİNİ BİLMƏLİSƏN

İdris Abbasov

Bayaq təsadüfən qarşılaşdığım dosent Yaləddin Süləksoyzadə deyir ki, ay qardaş, yüz dəfə demişəm ki, sən vəzifəyə keçən adamı tənqid etmə, tərif et, tərif! Sənə yenə də dərs olmur. Ona görə də, heç vaxt kasıbçılığın daşını ata bilməyəcəksən, dədən kimi kasıb gəlib kasıb gedəcəksən. Gəl, bu daşı tök ətəyindən, palaza bürün, elinən sürün. Onsuz da bu ölkə düzələn deyil. Görmürsənmi, hərə bir tərəfdən sökür? Qapan-qpanadır. Qrup, tayfa, dost maraqları tüğyan edir. Düzdür, 30 il keçib, amma bunun son və qəti fəsadları bir 15-20 il keçəndən sonra bilinəcək. Onda biz öləcəyik, uşaqlarımız isə başlarını alıb diyar-diar gedəcəklər. Sultan Nəsimi nə deyib: “Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm”. Yəni demək istəyib ki, çox halal-haram, vicdan-qeyrət, mərhəmət, şəfqət, həya-məya barəsində düşünmə! Əlinə fürsət dəmi düşdüsə, baxma ki, qardaşındır, bacındır, qəti fövtə vermə, haqqın başını əz, düzgünlüyə və ədalətə nifrət et, mey əvəzinə xalqın qanını iç, bas-ye, dağıt, kefini gör bu fani dünyada!
Vallah, boşuna özünü həlak edirsən. Qardaş, zəhlən getsə də, vəzifəyə keçən adamın ünvanına xoş söz deyib tərif söylə, kobud desək, yaltaqlan. Bununla özünün və ailə-uşağının həyatını qarantiya altına aldığının fərqinə varmalısan. Sabah bir xahişə gedəndə həmin o yaltaqlandığın, mədh etdiyin vəzifə sahibi səni əliboş qaytarmayacaq, bir vəzifə sənə, birini, istəsən, birini də gəlininə verəcək. Nə istəyirsən bəs? Tərifdən deyin, neftin müftə pullarından xımır-xımır yeyin də nəsillikcə. Hələ də bilmirsən ki, bu ölkədə yüksəlməyin, pul və ev-eşik sahibi olmağın bir yolu vardırsa, o da yaltaqlıq, alçaqlıq, riyakarlıq, satqınlıq və rüşvətxorluqdur? Görmürsən, deputat Bankrotzadə tərif deməklə iflasdan necə xilas oldu? Neçə rektor, neçə akademik, neçə nazir, məmur əlaltdan ona əl tutdular? Həmin Bankrotzadə indi olub söz sahibi, soyadını da dəyişib edib Rifahoğlu!
Deməli, vicdansızlıq, tərif, yaltaqlıq, alçaqlıq və şərəfsizlikdə həyat var, həmkar! Çox dərin düşünmə! Dədəmin nakam arzularına and olsun, azacıq yaltaqlığa qurşansan, dirəyin qızıldan olar!
Düzünü desəm, həmkar, hələ də baş aça bilmirəm: axı sən nə istəyirsən?!
PS. Rüşvət dilini öyrənmək üçün ilk növbədə mənəviyyatla vadalşmalısan. Ona görə də, bu qəbih dili hər kəs bilə bilməz.

Demokratikmusavat.com

0.51807618141174