Bayraq rənglərindəki süpürgə qalmaqalı - Qanunvericilik nə deyir?

 

Xəbər verdiyimiz kimi, üzərində Azərbaycan Bayrağının rəngləri əks olunmuş süpürgə etirazlara səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə süpürgənin İsmayıllı rayonunda mağazaların birindən alındığı qeyd edilib.

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, Cinayət Məcəlləsinin 324-cü maddəsində  Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Dövlət gerbi barədə təhqiredici hərəkətlərlə bağlı müddəalar yer alıb:

“CM-nin 324-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər - iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünasın sözlərinə görə, istehsalçının niyyəti də burada əhəmiyyət kəsb edir:

“Nəzərə almaq lazımdır ki, dövlət bayrağına hörmətsizlik təkcə hüquq normalarına deyil, cəmiyyətin əxlaq normalarına da sığmayan bir hərəkətdir. Ümumiyyətlə, dövlət bayrağı və gerbi bizim üçün müqəddəsdir və hər hansı bir formada təhqir edildikdə qanuna uyğun şəkildə cəzalandırılır. Dövlət bayrağının ayaqlar altına atılması, alçaldıcı, natəmiz yerlərdən asılması və s. təhqir kimi qəbul edilə bilər. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, şəxsin niyyəti nədir. Bir sıra ölkələrdə, məsələn ABŞ-da bu dövlətin bayrağının üzərində əks olunduğu  çimərlik geyimləri, hamam xalatları, alt geyimləri, papaqlar, ayaqqabılar istehsal olunur və insanlar bundan çox rahat şəkildə istifadə edirlər. Hətta ABŞ-da zibil qutularının da üzərində dövlət bayrağı əks edilir. Onlar üçün bu, iftixar yeridir.  Amma biz bayrağa daha həssas yanaşırıq. İndi bunu istehsal edən şirkətin də, satan adamın da, ölkəyə gətirənin də niyyətinə baxmaq lazımdır. Yəni bu adam bayrağımızı təhqir etmək istəyir, yoxsa şüursuz şəkildə Azərbaycanı və bizim düşüncəmizi tanımadan bilmədən bəlkə də yaxşı iş görmək istəyir. Amma nəticədə belə bir hal əmələ gəlib. 

Yəni nəzərə almaq lazımdır ki, təhiredici hərəkətlərə yol verdiyini dərk edir və bunu arzulayırmı? Niyyətini sorğulamaq lazımdır. Ona görə də bu məsələ araşdırılmalı və barələrində qanunamüvafiq tədbir görülməlidir. Araşdırmaq lazmdır ki, əməldə cinayət tərkibi olub olmadığı bilinsin”,- deyə o əlavə edib.

Billurə Yunus  

 

0.20329904556274