Bakıda həmkəndlisini qətlə yetirən şəxs: “Qoyunları göyərtilərimi yediyi üçün Natiqi öldürdüm”

 

Bakı Beynəlxalq Hava Limanının yaxınlığında baş vermiş qətlin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Maştağada “Təmənniz” adlanan ərazidəki ünvansız əkin sahəsində qeydə alınan cinayətin qoyunların sahədəki göyərtiləri yeməsinə görə baş verdiyi üzə çıxıb.

Belə ki, ərazidə göy-göyərti əkən qəsəbə sakini Adəm Quliyev orada qoyun otaran həmkəndlisi Natiq Nəcəfova deyib ki, onun qoyunları göyərtilərə ziyan vurur. Bundan sonra tərəflər arasında mübahisə baş verib.

Onlar məsələni aydınlaşdırmaq üçün görüşüb söhbət etmək qərarına gəliblər. Söhbət zamanı Adəm Natiqi ayağından və boğazından bıçaqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan işin gedişatı zamanı Adəm deyib ki, özünü qismən təqsirli bilir:

“Mən Natiqə sadəcə xəsarət yetirmək istəmişdim, öldürmək yox. Onu 2-3 ildir tanıyırdım. Natiq mənim tərəvəz əkdiyim sahənin yaxınlığında qoyun-quzu otarırdı. Mən isə şüyüd, turp, keşniş əkirdim. Həmin məhsulu bazarda satıb ailəmi dolandırırdım. Natiqlə münasibətlərimiz yaxşı idi. Hadisədən 10 gün əvvəl Natiq qoyunlarını mənim sahəmə buraxdı. Qoyunlar əkdiyim tərəvəzlərin bir qismini yedi. Təxminən 100-200 manat ziyana düşdüm. Buna görə ona iradımı bildirdim. Natiq isə kobud şəkildə “qiyməti nədirsə, denən verim” dedi. Həmin hadisədən sonra Natiqlə münasibətlərim pisləşdi. Sonra məni görəndə pis tərəvəz satdığımı, buna görə söyüş yiyəsi olduğumu dedi. Mən mübahisə etməmək üçün oradan uzaqlaşdım. Səhəri gün sahəyə gedəndə özümlə bıçaq götürdüm. Natiq dedi ki, qoyunlarını mənim sahəmdə otaracaq. “Oğlan istəyirəm ki, məni vursun, lazım gəlsə, səni də vuraram” ifadəsini işlətdi. Mən də “məni vuran oğlan anasından olmayıb” dedim. Natiqin yaxasından tutaraq itələşməyə başladım. Natiq də mənim gödəkçəmin yaxasından tutdu. Bu zaman cibimdəki bıçağı çıxararaq Natiqin sağ ayağından və boğazından xəsarət yetirdim”.

Adəm Natiqin boğazındakı xəsarəti gördükdə qorxub və dərhal onu avtomobillə xəstəxanaya aparmaq istəyib. Lakin yolda avtomobilin təkəri boşalıb: 

“Natiq maşında dedi ki, “hər kəsə məni at vurduğunu deyərik, sənə də problem yaranmaz, səhhətimdə ciddi bir şey yoxdur. Asta sür, mənə heç nə olmayacaq, bir balaca kəsilib”. Lakin Natiqin sonra üzü şişdi, nəfəsi kəsildi. Maşını qəsəbəyə sürüb orada tanışların vasitəsilə başqa maşınla Natiqi xəstəxanaya apardım. Sonra özüm evə getdim. Bir neçə saat sonra qardaşım bizə gəldi. Natiqin xəstəxanada öldüyünü dedi. Bundan sonra polisə gedərək təslim oldum. Natiqə xəsarət yetirdiyim bıçağı da bölməyə təqdim etdim”.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən qardaşı Adəmdən heç bir şikayəti olmadığını deyib:

“Natiq mübahisə zamanı əlindəki çomağı Adəmin boğazına dirəyib. Qardaşım fiziki cəhətdən güclü olsa da, heç kimlə işi yox idi. Adəm qardaşımı tək öldürməyib. Qardaşımın başında olan yarığı gözlərimlə görmüşəm. Onlar Natiqi xəstəxanaya gec çatdırıblar. Amma Adəmdən şikayət və tələbim yoxdur”.

Məhkəmədə ifadəsi elan edilmiş Natiqin həyat yoldaşı isə hadisədən sonra Natiqlə danışdığını, ərinin ona “yaxşıyam” dediyini bildirib. Lakin az sonra onun ölüm xəbəri gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adəm Quliyev 9 il müddətə azadlıqdan məhrum edilib.

0.15870499610901