"Mənə dedi "araq al", bıçağı boğazına vurdum" - Bakıdakı qətlin təfərrüat - FOTO

 

Bakıda qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Bərxudar Yusifovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.  Rayon sakini 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Məlikov adına 6 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalardan sonra N.Ağayevin qonşusu, 1959-cu il təvəllüdlü Yusifov Bərxudar Çərkəz oğlu tərəfindən bıçaqlanması müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bərxudar Yusifov polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, Nurlan Ağayevlə bir məhəllədə yaşayıb və onunla yaxın münasibəti həmçinin düşmənçiliyi olmayıb. Nurlan heç yerdə işləməyib və tüfeyli həyat tərzi keçirib. 

Hadisə baş verən günü axşam saat 18:00 radələrində Bərxudar işdən çıxaraq kafedə yemək yeyərkən spirtli içki qəbul edib və 1 saatdan sonra evə gəlib. 

Axşam saat 21:00 radələrində evə ərzaq malları almaq üçün həyətdə yerləşən marketə yollanıb. Ora daxil olarkən Nurlanın arxasınca gəldiyini görüb. Bu səbəbdən satıcıya deyib ki, onu tez yola salsın. Mağazaya girən Nadir Bərxudardan ona araq almağı tələb etdikdə o, üstündə pul olmadığını deyib. 

"Mağazadan elə istəyirdim çıxam Nurlan girdi içəri. Məndə istəyirdim ki, məni görməsin. Görən kimi hamıdan nəsə istəyirdi. Mənə dedi ki, araq al mənə. Dedim üstümdə pul yoxdu, həmdə atan yaşda adamam mənimlə belə danışma. Başladı məni söyməyə".

Bərxudar Yusifov ifadəsinin davamında bildirib ki, Nurlan söyüş söyərək yumruqla onu vurub yerə yıxıb. Yanlarında olan tanımadığı 2 nəfər və mağazanın satıcısı Nurlanı ondan ayırmaqla sakitləşdirməyə çalışıblar. Yerə yıxılan Bərxudar üçün satici su gətirib. Kənarda dayanan Nurlan isə onun ünvanına ağır söyüşlər söyüb. 

Təhqirlərdən əsəbləşən Yusifov mağazaya daxil olub piştaxtanın üstündəki bıçağı götürüb çölə çıxıb və Nurlanın boyun nahiyyəsindən vuraraq aləti yuxarıya dogru çəkib. 

Bundan sonra Nurlanın yanında olan şəxslərdən biri bıçağı onun əlindən alaraq yerə atıb.

"Mənə sifətimdən vuran kimi yıxıldım yerə. Ceyhun adlı oğlan mənə su gətirdi verdi bir az sonra özümə gəldim. Nurlanda aralıdan məni söyür. Girib içəri bıçağı götürub çıxdım. Qaranlıq idi heç bilmədim harasına vurdum". 

Hadisədən sonra Bərxudar şok vəziyyətində yerə oturub və sonradan arvadı gələrək onu sakitləşdirib.

Məhkəmə prosesində Bərxudar Yusifov ittiham üzrə özünü təqsirli hesab edib və əməlindən peşman olduğunu bildirib. 

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayət və tələbi olmadığını qeyd edib. 

Sonda məhkəmənin hökmü ilə Bərxudar Yusifov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdam məhrum olunub.

0.14511895179749