Vətən müharibəsinin qaraçı şəhidi...

 

Azərbaycanın Qax rayonu müxtəlif millətlərin birgə yaşadığı məkandır. Statistik məlumata görə, rayonda 22 millətin nümayəndəsi yaşayır. Güllük kənd inzibati ərazi dairəsinə daxil olan Qapıçay kəndində məskunlaşan qaraçı tayfası da bura daxildir. Artıq iki əsrə yaxındır onlar Azərbaycan vətəndaşı kimi yaşayır, təhsil alır, işləyir, bütün sosial xidmətlərdən faydalanırlar. Azərbaycanı özlərinə daimi yurd yeri seçən bu tayfanın oğulları da Vətənə şərəflə xidmət edirlər. 
Onlar öz Vətən sevgilərini  hələ Birinci Qarabağ müharibəsində göstərmişdilər. Onların çoxu bu gün də 30 il əvvəlki döyüşlərin ağrı-acısı ilə qıvrılır. Onlardan biri də qaraçı Babayevlər ailəsidir.

"Demokratikmusavat.com" xatırladır ki, Şəmsəddin Babayev Qax rayonunun Qapıçay kəndində doğulub.
Əsgərlik yaşı çatanda artıq Birinci Qarabağ müharibəsi başlamışdı. Milli Orduda həqiqi hərbi xidmətə çağrılan Şəmsəddin Ağdərə uğrunda döyüşlərdə ağır yaralanır və ordudan tərxis olunur. Şəmsəddin o gündən indiyə kimi ayağında dəmir mil gəzdirir.  Onum taleyinə şəhid atası olmaq da yazılıbmış.  
Bir vaxt uğrunda özü qan tökdüyü torpaq uğrunda oğlu şəhid olur. 

Əslən Borçalıdan olan Kəmalə Şəmsəddini sevib onunla ailə qurmuşdu. Dolanışıqları ağır olsa da, Kəmalə şikayətlənmirdi. Bütün çətinliklərə baxmayaraq 3 oğul böyütmüşdülər. Samsun ailənin sonbeşiyi idi.

Samsun Şəmsəddin oğlu Babayev 2001-ci il aprelin 3-də doğulub. O, 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. 
İkinci Qarabağ müharibəsi başlananda artıq Samsun xeyli vaxt idi ki, Azərbaycan Ordusunun əsgəri idi. 
Müharibənin ilk günündən cəbhədə olan Samsun Suqovuşan uğrunda gedən döyüşlərdə vuruşurdu. Oktyabrın 8-də Talış kəndi və Suqovuşan məntəqəsi istiqamətində gedən döyüşlərdə qəhəmancasına şəhid olur. 

O vaxt Samsunun böyük qardaşı Şəmistan da cəbhədə idi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda başlanan Vətən müharibəsinə könüllü qoşulanlardan biri də Şəmistan olub. O da müharibənin ilk günlərindən cəbhədə döyüşüb.
Hər iki qardaş torpaqlarımız uğrunda şərəf və ləyaqətlə vuruşub. Kiçik qardaşı Samsunun şəhid xəbərini də cəbhədə alan Şəmistanı hərbi hissədən qardaşının dəfn mərasiminə göndərirlər. 

Şəhid Samsun Babayevin dəfn mərasiminə yüzlərlə insan toplaşmışdı. Dəfn mərasimində iştirak edən cəbhə dostları Samsunun igidliyindən, cəsarətindən ürək yanğısı ilə danışırdılar... Sən demə, Şəmsəddin sonbeşiyinə sovet ordusunda xidmət edərkən dünyasını dəyişən əmisinin adını qoyubmuş. Əmisinin adını daşıyan Samsun da xidmət illərində şəhid olur. 

Fərq onda idi ki, S.Babayev doğma Vətəni uğrunda şəhid olmuşdu.

Samsun Babayev Güllük kənd qəbiristanlığında I Qarabağ müharibəsi şəhidlərinin dəfn edildiyi yerdə torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Samsun Babayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Mənbə: “Xalq” qəzeti

 

0.12779402732849