Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.
Demokratikmusavat.com xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
Bu matçlardan sonra 4 komanda pley-off vəsiqəni təmin edə bilər. F qrupunda İspaniya "Real Madrid"i Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu məğlub etsə, adını 1/8 finala yazdıracaq.
G qrupunda İngiltərə təmsilçisi "Mançester Siti" Danimarkada "Kopenhagen"ə, Dortmund "Borussiya"sı isə Almaniyada İspaniya "Sevilya"sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.
H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zaltsburq"u ilə qarşılaşacaq.
E qrupunun digər matçında isə İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"ın qonağı olacaq.
Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.