Bakıda həyat yoldaşını 17 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirli bilinən Elçin Ələkbərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 1980-ci il təvəllüdlü E.Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə dindiririlmiş Elçin Ələkbərov ifadəsində göstərib ki, xalası qızı Nailə Əliyeva ilə 2003-cü ildə ailə həyatı qurub, lakin rəsmi nikaha daxil olmayıblar. Nailə ilə valideynlərinin təkidi ilə evlənib. Bu nikahdan dörd övladı dünyaya gəlib. Yoldaşı Özbəkistan vətəndaşı olub. Bu səbəbdən bir müddət orada yaşayıblar. Həmin müddət ərzində aralarında mütəmadi mübahisələr baş verib. Azərbaycana qayıdandan sonra əvvəl Göygöl rayonunda yaşayıblar.
Elçin Ələkbərov barəsində 2004-cü ilə rayon məhkəməsinin qərarı ilə döymə və sağlamlığa yüngül zərər vurma maddələri ilə şərti cəza kəsilib.
Bir müddət sonra Gəncə şəhərinə köçərək orada yaşayıblar. Nailə dəfələrlə onun barəsində polisə şikayətlər edib.
2017-ci ildən Şəmkir rayonunda N saylı hərbi hissədə sürücü işləyib. 2018-ci ildə yoldaşı ondan Gəncə Hərbi Prokurorluğuna şikayət edib. Hərbi məhkəmənin hökmü ilə CM-nin 128-ci maddəsi ilə cərimə cəzasına məhkum olunub.
2021-ci ilin iyul ayında o, Bakıya gəlib və Nailəyə zəng edərək görüşmək istədiyini deyib. Yoldaşı işləri olduğundan məşğul olduğu üçün ona zəng edəcəyini deyib. "20 yanvar dairəsi" yaxınlığında günortaya qədər gözləsə də, Nailə ona zəng etməyib.
Ayın 30-da səhər Abşeron RPİ-nın təhqiqatçısı ona zəng edərək Nailə Əliyevanın şikayət ərazisə təqdim etdiyini bildirərək onu idarəyə izahat verməyə dəvət edib.
Qadının yenidən səbəbsiz polisə şikayət etməsindən əsəbiləşib. Nailədən ondan nə istədiyini öyrənmək üçün saat 18:00 radələrində Gəncədən Bakıya gəlib. "Xırdalan dairəsi"ndə fəaliyyət göstərən marketdən 2 ədəd bıçaq alıb sonra isə orada olan kafeyə gedib.
Bir müddət sonra Nailənin oğlu Aydınla birlikdə ev istiqamətində getdiklərini görüb və onları təqib edib. Çatıb qadının qolundan tutanda əlindəki bıçaqlar paketdən yerə düşüb. Bıçaqları yerdən götürmək istəyəndə uşaq anasının əlindən çıxıb qışqıra-qışqıra evlərinə tərəf qaçıb. Nailənin saçlarından tutub əlindəki bıçaqla Nailənin bədəninə zərbələr endirib. Qadının bədənində 17 bıçaq xəsarəti olmasını sonradan müstəntiqdən öyrənib.
Elçin Ələkbərov ifadəsinin davamında bildirib ki, qadını vurduqdan sonra əlindəki bıçağı kolluğa ataraq magistral yola tərəf qaçıb. Oradan taksiyə minərək uzaqlaşıb.
Hadisəni görən bir qız "cinayətkar taksiyə minib qaçır" deyərək qışqırıb. Yol Patrul Xidmətinin əməkdaşları bir qədər aralıda taksini saxlayaraq onu düşürdüblər.
Şahid Aydın Ələkbərli bildirib ki, atası anasını həmişə incidib, döyüb öldürməklə hədələyib. Baş vermiş hadisədən 3-4 ay əvvəl anası ilə birlikdə birdəfəlik Bakıya gəliblər. Böyük qardaşı atası ilə Gəncədə qalıb. 2021-ci il iyulun 30-da Xırdalan dairəsində avtobusdan düşdükdən sonra anası ilə evə gediblər. Arxaya çevriləndə, atasının arxalarınca qaçaraq gəldiyini görüb. Anasını atasının gəlməsi barədə xəbərdar edəndə, artıq atası onlara çatıb. O qadının saçlarından tutub, onun başını daşa vurmağa başlayıb. Atasının anasını bıçaqla vurmasını gördükdə, çox qorxduğu üçün hərəkətsiz vəziyyətdə qalıb. Anasını xəstəxanaya aparsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə prosesi zamanı Elçin Ələkbərov ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Sonda mhkəmənin hökmü ilə Elçin Ələkbərov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum olunub.