“Ermənistanın arxalandığı ölkələrin futbol komandalarını "Qarabağ" necə darmadağın edirsə, diplomatiya müstəvisində də təqribən onun oxşarı baş verir. Artıq hər kəs, o sıradan da Ermənistana guya havadarlıq edənlər Qarabağın Azərbaycan üçün nə demək olduğunu yox, həm də Azərbaycan demək olduğunu anlayır və təkcə anlamır, eləcə də anladır. Haylara anladır ki, bu, bir reallıqdır, biz barışdıq, siz də barışmalısınız. Praqa danışıqlarını qısaca qiymətləndirməli olsaq, görünən məhz budur”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.
Azərbaycan Prezidentinin jurnalistlərə verdiyi müsahibədən sitat gətirən deputat ardınca dövlət başçısının çıxışını şərh edib:
“Mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət, bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi, anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, - Azərbaycan Prezidenti cənab İlham Əliyevin Praqadakı bu açıqlaması o deməkdir ki, Naxçıvana Ermənistan üzərindən dəhliz ya açılacaq, ya açdırılacaq!
Daha bir önəmli məqam Fransa Prezidentinin Azərbaycanın irəli sürdüyü 5 prinsiplə razılaşdığının, Qarabağın Azərbaycan olduğunu dünya birliyinin “artıq nəinki dərk, həm də bunu tələffüz etməsi” haqda açıqlanması idi.
Demək, Azərbaycanın 44 günlük savaş zamanı qazandığı zəfər buna haylardan daha çox kədərlənənlərin hamısına diplomatiya müstəvisində bir-bir həzm etdirilir. Və təbii ki, burada qarşı tərəfin təxribatlarının qarşısının alınmasına yönəlmiş cavab əməliyyatları da az rol oynamır.
Və cənab Prezidentin “sülhə yavaş-yavaş yaxınlaşırıq” sözləri onu göstərir ki, biz Azərbaycan torpaqlarının hər qarışı üzərində suverenliyimizin təmini üçün ikinci, yəni hərbi-siyasi mərhələni uğurla tamamlayıb, sonuncu - sırf siyasi mərhələyə keçidin astanasındayıq”.
Mürtəza
Demokratikmusavat.com