Məktəb qalmaqalları bitmək bilmir: bu dəfə də müəllim polisə verildi -YENİLƏNİB

 

12:43

Son günlər davam edən məktəb qalmaqallarına daha bir əlavə olunub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. İddia edilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən 310 nömrəli tam orta məktəbdə müəllimin dördüncü sinif şagirdini döyüb.

Hadisə ilə əlaqədar valideynin müəllimlə bağlı polisə müraciət etdiyi qeyd olunub:

“Valideyn haqlı olaraq etirazını bildirib. Məsələ etirazdan sonra mübahisəyə çevrilib. Valideyn polisə şikayət edib. Ona görə də müəllim valideyni qrupdan çıxarıb, indi isə uşaqdan dərs soruşmur, uşaqla prinsip aparır. Məktəb direktoruna dəfələrlə müraciət olunsa da, problem öz həllini tapmır. Uşaq ağlayır, uşaqların yanında utanır, məktəbə getməyə qorxur. Buna bir son qoymaq lazımdır. Məktəblərdə problem bitmir”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl də Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbdə şagirdlərdən birinin digərini döyməsi müzakirələrə səbəb olmuşdu. Ötən gün isə Bakı məktəblərindən birində şagirdləroin sinif otağında pomidor-yumurta bişirdiyi görüntülər paylaşılmışdı.

***

Problemlə əlaqədar 310 nömrəli tam orta məktəbdən Qafqazinfoya bildirilib ki, ibtidai sinif müəlliminin şagirdi tənbeh etməsi ilə bağlı məsələ nəzarətə götürülüb:

“Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimdən izahat alınıb və Pedaqoji Şuranın qərarına əsasən müəllimə xəbərdarlıq edilib. Həmçinin məktəb rəhbərliyi və psixoloqun iştirakı ilə şagird və valideynlə müvafiq söhbət aparılıb. Valideynin müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb. Hazırda məsələ həllini tapıb, məktəbdə tədrisin təşkili prosesinə nəzarət daha da gücləndirilib”.

Billurə

 

0.14938688278198