10 manata görə dava etdiyi gənci ürəyindən bıçaqladı - Bakıdakı qətlin təfərrüatı - FOTO

 

Paytaxtda mübahisə etdiyi şəxsi bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Ərəstun Ərəbovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 21 ünvanında yerləşən metal qəbulu məntəqəsinin qarşısında oranın işçisi, Laçın rayon sakini Qafar Hüseynov (1997-ci il təv.) ürəyindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Hadisədən 2 saat sonra cinayəti törətməkdə şübhəli bilinən Ərəstun Ərəbov polis əməkdaşları tərəfindən Rəsulzadə qəsəbəsində saxlanılıb.

Fakta görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunub.

İş üzrə dindirilmiş Ərəstun Ərəbov ifadəsində bildirib ki, küçələrdən dəmir məmulatı yığaraq metal qəbulu məntəqələrinə təhvil verib. Adətən topladığı dəmirləri Nəsimi rayonu ərazisindəki Sübhan adlı şəxsin məntəqəsinə gətirib. Orada dəmirin 1kq-nı 15 qəpikə qəbul etsələrdə məntəqə sahibi yaşına hörmət edib ondan dəmirin kilosunu 20 qəpikə götürüb. Məntəqənin işçiləri tez-tez dəyişdiyi üçün onları yaxşı tanımayıb. 

İyulun 19-u saat 15 radələrində Ərəstun Ərəbov A.Mustafayev küçəsi, 21 ünvanında yerləşən metal qəbulu məntəqəsinə gələrək oranın işçisi Qafar Hüseynova 103 kq çəkidə dəmirdən olan metal məmulatlarını təhvil verib.

Qafar ona hər kiloqramına görə 15 qəpikdən hesablanmaqla 15 manat 60 qəpik verib.
Bundan 3 saat sonra yenidən məntəqəyə gedib. Bu dəfə topladığı 100 kiloqrama görə 15 manat pul alıb. 

Kafedə pivə içib cibindəki pulları sayanda müəyyən edib ki, təhvil verdiyi dəmirlərin əvəzində ona az pul verilib. Qafar hər kiloqrama görə 20 qəpik verməli olduğu halda məmulatları 15 qəpikdən hesablayıb.

Ərəstun Ərəbov ifadəsinin davamında bildirib ki, saat 20:00 radələrində ora qayıdıb. Qafardan əlavə 10 manat tələb etdikdə, o, pulu düz hesabladığını bildirib. Bunun üstündə mübahisələri düşüb. Bir-birilərinin və ailə üzvlərinin ünvanlarına söyüşlər söyüblər. 

Qafar ona yaxınlaşmaq istəyən zaman orada olan adamlar onları aralayıblar. Buna baxmayaraq Ərəstun sakitləşməyərək yaxınlaşıb və yenə də Qafardan pulunu istəyib. Cibindən bıçağı çıxarıb onu vuracağını deyib. Bu zaman Qafar yerdən dəmir parçası götürərək onun baş nahiyyəsindən zərbə endirib. Ərəstun isə cibindən çıxardığı bıçaqla onun ürək nahiyyəsindən zərbə vurub. 

Bir neçə dəqiqə orada dayandıqdan sonra Binəqədi rayonunda yaşadığı evə gedib. İki saatdan sonra polis əməkdaşları onu evdən götürüb bölməyə aparıblar.

Məhkəmə prosesində Ərəstun Ərəbov ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin olunmasını xahiş edib.

Məhəkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün təqdim edilib, odur ki o, qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalıdır.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ərəbov 17 il müddətinə azadlıqdan məhrum olunub.

0.15885901451111