Bu ilin mayında Şəkidə 1995-ci il təvəllüdlü Kifayət Xəlilovanın (ad və soyadlar şərtidir) intiharı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb, təqsirləndirilən şəxsə ağır cəza verilib.
“Demokratikmusavat.com ”ın məlumatına görə, iki uşaq anası olan K.Xəlilovanın intiharında Qəbələ sakini, 1996-cı il təvəllüdlü E.Ağayev ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış işin istintaqı zamanı hadisənin səbəbləri üzə çıxıb.
Məlum olub ki, K.Xəlilovanın həyat yoldaşı Bakıda işləyib, o, Şəkidə qayınanasıgillə eyni mənzildə yaşayıb. Bir müddət əvvəl Kifayət sosial şəbəkədə, E.Ağayev ilə tanış olub və iki ailəli şəxs arasında sevgi münasibəti yaranıb. O, bir neçə dəfə qonşu rayonda Kifayətin evində olub, görüntülərini, müxtəlif şəxslərlə çəkdirdiyi fotoları telefonununa yükləyərək saxlayıb.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, Kifayət qısqandığı və telefonda onu bloka atdığı üçün qadını hədələmək qərarına gəlib. Bu məqsədlə o, Kifayəti görüntülərini ərinə göstərəcəyi ilə təhdid etdiyini etiraf edib: “Kifayət mayın 8-də məni vatsap tətbiqetməsində qısqandırmağa çalışırdı. Mən də əsəbiləşib onunla mübahisə etməyə başladım. Həmin gün saat təxminən 18:00 radələrində Kifayətə vatsapla görüntülü zəng etdim, yenə məni qıcıqlandırmağa, qısqandırmağa çalışdı. Mən də Kifayətin hərəkətlərinin qarşısını almaq üçün şəkillərini ərinə göndərəcəyimi deyərək hədə-qorxu gəldim”.
Araşdırmalar zamanı məlum olub ki, E.Ağayev sevgi münasibətində olduğu qadının ərinin telefonunu onun həmkəndlisi vasitəsilə əldə edib. Belə ki, o, Kifayətlə görüntülü zənglə danışarkən onların həmkəndlisi olan Arif (şərti) qadının yaşadığı evin həyətinə gələrək Qəbələdən bir nəfərin əri Zaurun (şərti ad) nömrəsini istədiyini deyib. Kifayət isə Arifə yalandan hazırda elə əri ilə telefonda danışdığını deyib, ərini axtaran adamın nömrəsini ona verməsini istəyib. Arif da E.Ağayevin nömrəsini Kifayətə deyib. Bundan sonra K.Xəlilova Ağayevin həqiqətən onun ərini axtardığını yəqin edib və görüntülərini ərinə göstərməklə bağlı hədələrinin real olduğunu düşünüb. Qadın ağlayaraq yalvarmağa başlayıb və görüntülərini ailə üzvlərinə göstərməməsini xahiş edib. Lakin kişi hədələrinin şiddətini artırmaqda davam edib.
Həmin gün saat 22:00 radələrindək E. Ağayev Kifayətlə dəfələrlə görüntülü danışaraq ona qarşı hədələrini davam etdirib. Son zəngində isə o, “elədiyimi uje eləmişəm” sözlərini deyib. Bundan sonra 27 yaşlı qadın artıq həmin görüntülərin ərinə göstərildiyini düşünüb və özünü yaşadığı evin həyətindəki ağacdan yaylıqla asaraq həyatına son qoyub.
E.Ağayev məhkəmədə deyib ki, Kifayət ona dəfələrlə intihar edəcəyini deyib və hədələrindən əl çəkməsini xahiş edib: “Onun mənə göndərdiyi şəkilləri ərinə göndərəcəyimi desəm də, əslində belə bir niyyətim olmayıb. Lakin qeyd etdiyim kimi hərəkətləri Kifayətdən qisas almaq üçün etmişəm. Belə ki, Kifayət mən yatan zaman telefonumdan qeyri-rəsmi yaşadığım həyat yoldaşımın, çox yaxın olduğum qızın telefon nömrəsini taparaq onlara “Ondan əl çəkin, o, mənimdir” kimi mesajlar yazaraq şəxsi həyatıma müdaxilə edib. Buna görə də Kifayətdən acıqlı idim. Əməlimdən çox peşmanam, hadisənin bu istiqamətdə inkişaf etməsini arzulamamışam. Himayəmdə 1 azyaşlı var. Etdiyim düşüncəsiz hərəkətlə öz övladımı atasız, Kifayətin 2 övladını anasız qoymuşam. Bilirəm ki, bu hərəkətlə Allah məni cəzalandırıb”.
Araşdırmalar zamanı K.Xəlilovanın intihardan əvvəl həyat yoldaşı və anasına yazdığı məktublar da tapılıb. Evə baxış keçirilərkən qatlanaraq iç-içə vəziyyətdə olan 2 kağız parçası aşkar edilib. K.Xəlilova anasına yazıb: “Canım anam, gözəl anam haqqını halal elə. Nə sənə görə, nə uşaqlarıma görə yaşıya bildim. Çalışdım, çabaladım olmadı. Mən yaxşı ana ola bilmədim, uşaqlarıma baxa bilmədim siz yaxşı baxın. Canım anam, haqqını halal et, səni çox istəyirəm, bağışla məni”.
Ərinə yazdığı məktubda isə o qeyd edib: “Sən mənim dəyərlimsən, sən də çalış bağışla. Sənin kimi biri ola bilmədim. Uşaqlarıma yaxşı bax, onları yaxşı böyüt. Çalış haqqını halal et. Səni çox istəyirəm”.
Şəki Rayon Məhkəməsinin hökmü ilə K.Xəlilovanı intihar həddinə çatdıraraq onun ölümünə səbəb olmuş 1996-cı il təvəllüdlü E.Ağayevə 5 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, E.Ağayev daha əvvəl əvvəllər yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün məhkum edilib və bir neçə ay həbs cəzası alıb.