ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza Türkiyənin “Haber Global” telekanalına müsahibəsində ABŞ Konqresi spikerinin Ermənistana səfərini şərh edib.
Metyu Brayzanın aparıcı Saynur Tezellə müsahibəsindən fraqmentləri sizə təqdim edirik.
- Azərbaycan-Ermənistan sərhədində ciddi toqquşmalar baş verdi. Müharibədən sonra sülh müqaviləsinin imzalanması isə hələ də ləngiyir. Vəziyyət barədə məlumatlı olan biri kimi bu barədə geniş biliyə sahibsiniz. Çünki siz ABŞ-ın təmsilçisi kimi danışıqlarda iştirak etmisiniz və ATƏT-in Minsk qrupunun həmsədri olmusunuz, eyni zamanda ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutmusunuz. Bu barədə nə düşünürsünüz?
- Düşünürəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan imzalanmış bəyanatlara sadiq qalmaq istəyir. Yəni, barışığın əldə olunması bəyanatların nəticəsidir. Bəyanatda o, Ermənistan qoşunlarını Qarabağdan çıxaracağına söz vermişdi, lakin bu həyata keçirilmədi. Eyni zamanda o, daha bir üçtərəfli bəyanat imzalayıb. 2021-ci il yanvarın 11-də prezident Əliyev və prezident Putin üç ölkənin xüsusilə nəqliyyat sektorunda iri infrastruktur layihələrini birgə inkişaf etdirməsi barədə razılığa gəliblər. Bu, həm Ermənistana, həm də Azərbaycana böyük töhfə verərdi. Niyə bu baş vermədi? Çünki Ermənistandakı siyasi müxalifət Azərbaycanla münaqişənin bitməsini istəmir, yəni münaqişənin davam etməsini istəyir.
- Onların (erməni müxalifətinin) nə hərbi gücü, nə də əsaslı səbəbləri var. İşğalçılar...
Bəli, bu belədir, çünki Ermənistan faktiki olaraq beynəlxalq hüququ pozub. Onlar onilliklər ərzində təkcə Qarabağı deyil, həm də Azərbaycanın digər ətraf rayonlarını işğal altında saxlayıb...
- Sizcə, bu münaqişələr daha da kəskinləşəcək?
- Belə düşünmürəm. Fikrimcə, Azərbaycan ilə Ermənistan arasında münaqişələr Qarabağda deyil, sərhəddə davam edəcək... Ermənistan tərəfində bəlkə də yeganə ümid Rusiyanın dəstəyidir, amma bunun baş verəcəyini düşünmürəm, məncə daha münaqişə olmayacaq, çünki qorxacaqlar...
- Cənab səfir, bununla bağlı mən ABŞ-ın rolu və Nensi Pelosinin Ermənistana səfəri barədə soruşmaq istərdim. Xanım Pelosini ABŞ dövlət iyerarxiyasında üçüncü şəxs hesab etmək olar, çünki o, ABŞ Nümayəndələr Palatasının spikeridir. Bu səfər çox vacib idi. Onun səfərini və bu barədə şərhlərini necə qiymətləndirirsiniz?
- Bizim konstitusiyaya görə ABŞ-ın xarici siyasəti əslində prezident tərəfindən müəyyən edilir. Nensi Pelosi ABŞ-da kifayət qədər nüfuzlu şəxsdir... Amma xarici siyasətdə belə deyil, burada hər şey başqa cürdür. Ona görə də o, bu və ya digər ölkəyə səfər etdikdə bunu öz adından edir...
- Tayvan üçün də eynidirmi?
- Bəli, eynidir. O, öz təşəbbüsü ilə Tayvana səfər edib...
Nensi Pelosi ən böyük erməni diasporunun yaşadığı Kaliforniya ştatını təmsil edir... Əslində Bayden administrasiyası onun səfərini müsbət qarşılamadı. Prezident Bayden, Pelosi Tayvana getməzdən əvvəl bu səfərin baş tutmasını istəmədiyini açıq şəkildə bəyat etmişdi. Amma fikir verin, o İrəvandan dərhal sonra xarici işlər naziri Blinken Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirdi... Prezident Baydenin siyasəti tərəf tutmaq deyil, münaqişənin həllində vasitəçilik etməkdir...
- Bu münaqişədə ABŞ-ın rolu nədən ibarətdir? Siz dediniz ki, ABŞ Ermənistanın tərəfini tutmaq istəmir.
... Düşünürəm ki, zaman keçdikcə biz ABŞ-ın rolunun necə olacağını görəcəyik, mən diplomat olarkən biz Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox mühüm rol oynayırdıq. Bu, mənim öhdəliklərimdən biri idi... Məncə, avqustun 21-i tərəfləri bir araya gətirməklə Aİ Şurasının sədri Şarl Mişel çox mühüm rol oynadı. Hesab edirəm ki, burada Avropa İttifaqı ilə sıx əməkdaşlıq edərək vasitəçilik səylərimizi inkişaf etdirmək vacibdir. Təbii ki, Rusiyasız olmaz...
- Qərəzsiz?
- Bəli, qərəzsiz. Azərbaycanda və burada söhbət faktiki olaraq Nümayəndələr Palatasının spikeri Pelosidən gedir. Bəziləri ABŞ-ın Ermənistanın tərəfini tutduğunu düşünür. Türkiyədə də düşünürlər. Ancaq bu belə deyil, o bunu Kaliforniyada səs qazanmaq xatirinə edib. Xarici işlər naziri Blinken isə ABŞ-ın bu məsələdə neytrallığını bir daha çox aydın nümayiş etdirdi...