Yaşadığım Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanındakı marketdən körpə nəvələrimlə çıxanda, 10 nəfərdən çox polisin qabağımı kəsib, körpə uşaqlara stress yaşadaraq, qoluqandalı 24-cü Polis Şöbəsinə aparıb, ölümümə döyüb, işgəncə ilə 9 qabırğamı sındırmalarından 20 gün keçir. Əcəb hüquqdur, əcəb azadlıqdır, polis istənilən şəxsi axtarış adına tutub işgəncə kamerasında 48 saat saxlamaq hüququna malikdir! Tibbi yardım göstərilməsinə də qadağa qoyublar. Təsəvvür edin, qara paltarlı cəlladlar ağ paltarlı qəssablara təcili yardımdan imtinaya göstəriş verib! Hətta Sabunçu xəstəxanasında rentgen müayinəsi 9 qabırğamın sındığını göstərəndən sonra da 1-ci dərəcəli Qarabağ qazisi ilə faşistcəsinə davranıb, qollarımın qandalını daha da bərkitdilər, bunun adı faşistlikdən də betərdir. Həkim isə vicdanının səsinə yox, polisin göstərişinə boyun əydi, 9 qabırğasının sındığını müəyyən etdiyi şəxsi xəstəxana palatasına yox, qoluqandallı işgəncə kamerasına yola saldı.
İki sutkalıq azadlıqdan məhrumetmə cəzasını DİN -in zabit pensiyaçısını, 1-ci dərəcəli Qarabağ qazisini qatı cinayətkarların kamerasında çəkməyi tapşırıblar. Tapşırıq birbaşa Nizami RPİ-nin, 24-cü PŞ-nin rəhbərliyindən verilib. Özünüz təsəvvür edin, heç bir səbəb göstərmədən , ailə üzvlərinə bildirmədən, məhkəmə qərarı, prokuror nəzarəti , vəkil olmadan tutub , ölümünə döyüb 2 sutka qapalı rejimdə saxlayıblar, tibbi yardıma, Ombudsmana xəbər verilməsi tələbinə də qadağa qoyublar, heç hərbi əsirlərə də belə ilgi göstərilmir ! Göstərilə də bilməz, müharibənin öz qanunları var. Nizami polisi isə aldığı sifarişdən elə “şərəflənib” ki, “Polis haqqında” qanunu da, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsini də, Konstitusiyanı da unudub.
Nizami RPİ-nin , istintaq idarəsinin iki günlük qapalı dustaqlığım zamanı etdikləri daha ağır cinayətlər kateqoriyasına aiddir. Müstəntiq Qalib Kərimli vəkilim olmadan “dindirmə” ( dırnaq işarəsi ona görə işlədilir ki, əslində müstəntiq girovundan müsahibə alıb) zamanı icra vərəqinin surətini hansı hakimdən aldığımı özündə qeyd edib və izahat şəklində mənə verəcəyini bildirib. Özümün izahat yaza bildiyimi deyəndə, ehtiyac olmadığını deyib. Axşamçağı Xətai məhkəməsinin keçmiş hakimi Raziyə xanım Ataşovanı üzümə durmağa gətirib, özü də hazır üzləşmə protokolu ilə. Bircə qollamaq qalır(dı). Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə yalan məlumat verməyə görə məsuliyyət daşıdığına qol çəkən keçmiş hakim üzümə durdu ki, tələbkar Qarabağ qazisinə icra vərəqinin surətini verməyib . 17.07.2014 tarixli Raziya Ataşovanın imzaladığı məktubun və əlavə olunan sənədlərin evimdə olduğunu, təqdim edəcəyimi deyəndə isə, gizlincə məhkəmə qərarı olmadan evimdə axtarış aparılıb, həmin sənədləri, oğluma məxsus həyat yoldaşımın dərs keçdiyi kompüteri oğurlayıblar , bəli, bunun adı oğurluqdur və hələ də qaytarmayıblar. Fikir verin, məni guya iki aydır axtarışa verib ,döyüb öldürüb həbs ediblər , iki günün içində cinayət işi materialları toplanıb? Məhkəmə mənim xeyrimə iki (!) qətnamə qəbul edibsə , mən məhkəmə sənədini necə saxtalaşdıra bilərəm? Özü də məhkəmə qərarlarının icrası ilə bağlı Ədliyyə Nazirliyinin özünün istintaq idarəsi araşdırma aparmalıdır, Nizami polisini qanunsuzluğa sövq edən dələduz icra, ədliyyə, məhkəmə məmurlarıdır.
İki günlük dustaq həyatımın tamamında müstəntiq evə buraxılmağımın Nazim Hacıyev adlı “paykovoy” vəkilin məhkəmədə (?-heç bir məhkəmə olmayıb – M. B. ) məni müdafiə etməsi sonucunda baş verdiyini bildirib , “şübhəli şəxs” qismində polisin nəzarətinə verildiyimi vurğuladı. İmzalamaqdan imtina etdim, amma dırnaqarası vəkilim də, müstəntiq də belədə azad edilməyəcəyimi dedilər. Bircə bu dəhşətli işgəncə yerindən çıxmaq, sonra hüququmu qorumaq amacı ilə imzaladım. Təsəvvür edin, vəkil Nazim Hacıyev , müstəntiq Qalib Kərimli, keçmiş hakim Raziyə Ataşova, bütövlükdə Nizami polisi, ədliyyə dələduzları məhkəmənin adından saxta qərar qəbul edib, tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin yalandan üzünə durublar, zorla ifadəsini alıblar, nələr, nələr. Hamısı cinayət məsuliyyəti daşıyır.
Baş prokurorluq, Nizami prokurorluğu şikayətimi qəbul edib, ekspertiza rəyini alsa da, hələ də susur. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanunun 12.2.5 madəsi əsasında 13.09.2022 tarixli məktubla DİN-in 1-ci müavini Seyfulla Əzimova şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün tapşırıq verib . Bunun özü qanunsuzdur , nədən həmin 12.2.5 maddəsinə əsasən, yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz . Bəs niyə Ombudsman Aparatı DİN-in Nizami polisindən şikayət üzrə yoxlamanı DİN-in özünə tapşırıb? Aydındır ki, cinayəti ört – basdır etmək üçün.
Artıq bu ölkədə güvənliyimə qarantiya görmürəm, istənilən yerdə və istənilən anda polisin qollarımı qandallayıb ölümümə döyməsi, qol- qabırğamı sındırması , 48 saat həbs etməsinin qanuni olduğu yerdə yaşamıma nə qarantiya ola bilər? Ona görə də, başqa ölkədə yaşaya bilmərəm, Türkiyə Respublikasından sığınacaq istəyirəm.
Məğrur BƏDƏLSOY
P. S. Nə hökumətin “qeyri-hökumət” əlil -veteran təşkilatları , nə media qurumları, nə hüquq müdafiəçiləri, vəkillər , insan hüquqları müdafiəçiləri 1-ci dərəcəli Qarabağ qazisi, bağımsız jurnalistin “lotu” məmurların sifarişi ilə “lotu qanunu” ilə cəzalandırılmasına, jurnalist fəaliyyətinə, söz -fikir azadlığına görə təqib edilməsinə, ölümünə döyülməsinə , faşistcəsinə davranıb, 9 qabırğasının sındırılmasına, tibbi yardımdan belə imtina edilməsinə səsini çıxarır. Bircə media hüquqları müdafiəçisi Ələsgər Məmmədli ölkədə olmadığını bildirib, qayıdanda bu vandalizmə hüquqi qiymət verilməsinə çalışacağını bildirib.