Xətai rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Səxavət Mehdiyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.
Cəbrayıl rayonundan olan məcburi köçkün, 57 yaşlı Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovu qətlə yetirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Səxavət Mehdiyev saxlanılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Mehdiyev bildirib ki, Müşfiq Şükürov anası və qardaşı ilə birlikdə onların binasında 1-ci mərtəbədə yaşayıb. Müşfiq hətta anası ilə yola getməyərək mütəmadi onunla mübahisə edib. Evlərindən daima dava-dalaş səsləri gəlib. Bütün qonşular bu xoşagəlməz hadisədən xəbərdar olub. Bir müddətdən sonra Müşfiq qardaşını da evdən qovub. Təxminən 2-3 il əvvəl anası vəfat etdiyindən o, tək yaşayıb.
2014-cü ildə cinayət törətdiyinə görə həbs edilib. Cəzasını çəkib qurtardıqdan sonra evinə qayıdıb. Cəzadan şərti olaraq tez azad edildiyindən bir müddət özünü yaxşı aparıb və nisbətən sakit həyat tərzi keçirib. Səxavət özünə problem yaratmamaq üçün bacardığı qədər ondan uzaq durmağa çalışıb.
Səxavət Mehdiyev ifadəsinin davamında bildirib ki, müntəzəm spritli içki qəbul etdiyi üçün Müşfiq sərxoş vaxtlarında daha çox səs-küy salıb. Evdə telefonla danışaqkən söyüşlərini bütün ailə üzvlərinin eşitməsi, Səxavəti daim əsəbiləşdirib. Qonşuluqda yaşayan ailələri nəzərə almayan Şükürov tez-tez mənzilinə əxlaqsız qadınlar gətirib. Bildirilən iradlar ona təsir etməyib və bu səbəbdən Səxavət polisə şikayət edib. Bununla bağlı Müşfiqin izahatı alınıb. Araşdırmanın nəticəsi olaraq o, Səxavətdən üzr istəyib. Lakin 3-4 gündən sonra Şükürov yenə özünü əvvəlki qaydada aparmağa başlayıb.
Hadisə baş verən günü gecə Səxavət Müşfiqin telefonda ucadan işlətdiyi söyüşləri eşidərək yuxudan oyanıb və aşağı düşərək televizorun səsinin azaltmasını istəyib. Qonşusu kobud cavab verdiyindən Səxavət səsi azaltmasa, işığını kəsəcəyini deyib və dəhlizdən kəlbətinlə onun işığını kəsib. Düşünüb ki, Müşfiq sakitləşər amma bunun əvəzinə o pəncərəsinin altında dayanaraq ailəsini söyüb. Mehdiyev artıq dözə bilməyib və "onun səsini kəsmək üçün" şişi götürüb həyətə düşüb. Şükürova tərəf gələndə əlində bıçaq görüb. Yaxınlaşan kimi onu qabaqlayıb şişlə bir neçə dəfə ona xəsarət yetirib. Zərbələrdən sonra Müşfiq bir qədər qabağa qaçıb sonra yerə yıxılıb. Evə qalxan Səxavət şişi yatdığı çarpayının baş tərəfinə tullayıb və arvadına Şükürovu vurduğunu deyib. Polis bölməsinə gedərək könüllü təslim olub.
Məhkəmə prosesi zaman təqsirləndirilən şəxs məhkəmədən yaşlı vaxtında belə ağır duruma düşməsini, ailəsinin başsız qalmasını və əməlindən peşmançılıq çəkməsini nəzərə almağı xahiş edib.
Mərhumun qardaşı Ramil Şükürov təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Səxavət Mehdiyev qəsdən adam öldürmək maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.