Yaltaqlıq "marafonu"

 

Firuz Mustafa

Bir biososial varlıq olmaq baxımından insan və onun əməlləri ən müxtəlif bucaqlar altında, ən müxtəlif müstəvilərdə yetərincə təhlil və tədqiqə cəlb edilib. Amma bu sahədə son söz deyilməyib və yəqin ki, deyilməyəcək də. Axı bir qarışqanın mükəmməl “xarakteristikası”nı vermək mümkün deyilsə, “dünyanın əşrəfi” olan insanın bütün fəaliyyət dairəsi hansı adekvat prinsip və qaydalarla, qanun və kanonlarla təsbit edilə bilər. Bütün bunlar öz yerində. Biz də öz yazımızda insan həyatının labirint və paradoksları ilə bağlı gizlinləri” kəşf etmək niyyətində deyilik. Və ümumiyyətlə, belə bir arzuya düşməyin özü anormal və anomalik hadisə kimi qiymətləndirilməlidir. Bəs nədir bizi narahat edən?

İndiki halda mən içində yaşadığımız cəmiyyətdə baş alıb gedən, insanların əxlaqını pozan: böyük mənəvi bəlalarla sonunclanan “fenomen” – yaltaqlıq barədə danışmaq istəyirəm; həm də ümumi, mücərrəd “elmi” postularla yox, adi şüurun imkanları səviyyəsində.

Oxucu yaltaqlıq barədə Krılovun təmsillərindən tutmuş ta Mirzə Cəlilin felyetonlarına qədər, Aristotelin traktatlarından tutmuş ta Səməd Vurğunun mənzumələrinədək çoxlu ibrətamiz mətləblərlə yaxından tanışdır. Bütün bunlar məlum. Amma maraqlı burasıdır ki, zaman kecdikcə ifşa və tənqid hədəfinə çevrilən yaltaqlıq yeni keyfiyyətlər əldə edir, meydana təzə libasda çıxır.

Bu gün məmləkətimizin düçar olduğu bəlalar çoxdur; o qədər çoxdur ki, onları bir-bir sadalamaq xeyli vaxt aparırdı. Həmin bəlalardan biri, bəlkə də ən qorxulusu yaltaqlıqdır. İndi Azərbaycan özünün total yaltaqlıq mərhələsini yaşamaqdadır. Fərqi yoxdur: istər bir tikə çörək, istərsə də bir yağlı vəzifə üçün aşağıdan yuxarı, habelə üfiqi və şaquli xətlər üzrə məmləkətin az qala üzdə olan (və olmayan) əksər sakinləri yaltaqlıq marafonuna çıxmışlar. Qəzet səhifələrindən, efir dalğalarından, ekran güzgülərindən boylanan məddahların köpüklənən, tüpürcəkli ağızlarından löyün-löyün, növbənöv yaltaqlıq “delikatestləri” tökülməkdədir.

İlahi, görəsən nə olub? Bizim əsrlər boyu məğrur, qorxmaz, igid, qəhrəman... kimi təşbehlərlə öyülən, vəsf olunan millətimizə və onun ayrı-ayrı fərdlərinə? Biz yəni bu qədər cılız, bu qədər sısqa, bu qədər ... mənasız olmuşuq?

Məlum məsələdir ki, yaltaqlıq – sədaqət deyil.

... Məlum və sınanmış həqiqətdir. Tarix təkrar olunanda birinci dəfə dramatik təsir bağışlayan hadisə ikinci dəfə məzhəkəni xatırladır. Çox təəssüf ki, biz həm faciənin, həm də məzhəkənin şahidi olmuşuq... Yaltaqlığın mənbəyində sədaqət, etibar yox, rəzalət, qorxaqlıq dayanır.

Ümimiyyətlə, bu gün yaralarından qan sızan Vətənin qoynunda keçirilən allı-güllü bayramlara, sazlı-sözlü yubileylərə tamaşa edənlərin çoxunun yadına yəqin ki, vaxtilə nağıl kitablarında oxuduqları bir əhvalat düşür: qəbiristanlıqda yatan kişi (yad müsafir) gecə zurna-balaban səsinə gözünü açır... 

Baxıb görür ki, əcaib-qəraib canlılar (cin, şeytan, əcinə və s.) əl-ələ verib yallı gedir, mahnı oxuyur. Kişi bu qəribə məxluqlardan birini tutub qulağına iynə sancır və əcinnələr... dağılır. Məmləkətimiz bu gün toy-büsatlı məzarıstana bənzəyir. Bu qəbirstanlıqda – meyitlərin və məzarların üstündə bir qrup məxluq yallı gedir...

... Və mən təəssüf edirəm ki, “yaltaq” və “yallı” sözlərinin kökü eyni leksemdən ibarətdir. 

“Yallanmaq”, “yalmanmaq”, “yallama”, “yalaq” sözləri də “yal” ismindən tərtib. Hər halda, “yal” sözü yaltağa daha çox yaraşır.

Razılaşırsızmı?

Demokratikmusavat.com

0.17262482643127