Yeni tədris ilinin başlaması kağız materiallara tələbatı yenidən gündəmə gətirib. İstər dərs vəsaitləri, istərsə dəftərlər, albomlar, məktəbdə istifadə olunan A4 formatlı kağızlar hazırda ən çox satılan məhsullar arasındadır. Məktəbli valideynləri iddia edirlər ki, belə məhsulların qiyməti ötən illə müqayisədə xeyli bahalaşıb.
Bu bahalaşmanın mövsümi xarakter daşıdığını demək olardı. Lakin yay aylarında da kağız qiymətlərinin yüksək olaraq qaldığını nəzərə alsaq, bu amil o qədər də inandırıcı görünmür.
Demokratikmusavat.com xəbər verir ki, “Report”a mövzu ilə bağlı açıqlama verən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri kağız qiymətlərində eniş demək olar yaşanmayıb:
“Müharibədən əvvəl kağızın tonu 1 380 ABŞ dolları idi. Daha sonra bu rəqəm 2 100 ABŞ dollarına qədər artdı. Rusiya bazarından kağız ala bilmədiyimiz üçün bu vəziyyət yaşanır. Buna uyğun olaraq da, kağızdan istehsal olunmuş məhsulların, o cümlədən kitabların qiyməti də artır”.
Naşir bildirib ki, hazırda Azərbaycana Finlandiyadan, Almaniyadan və İndoneziyadan kağız gətirilir: “Bu məhsulların keyfiyyəti ilə yanaşı, qiyməti də yüksəkdir. Qonşu Türkiyədə də oxşar vəziyyət yaşanır. Çünki onlar da bizim kimi, əvvəl kağızı Rusiya və Ukraynadan alırdılar. Çinin kağız bazarında da hazırda qıtlıq və bahalılıq hökm sürür”.
Kağız daşınması ilə məşğul olan sahibkar Abbas Abbasov da qiymətlərin yüksək olmasından şikayətlənib:
“Əsasən Çindən, müəyyən qədər Finlandiyadan kağız gətiririk. Tranzit xətti Rusiyadan keçdiyi üçün bir müddət əvvəl problemlər yaşayırdıq. Amma indi müəyyən stabillik yaranıb. Baxmayaraq ki, bu stabillik həm də yüksəlmiş qiymətlərdə var”.
Azərbaycana ötən il gətirilən 16,696 min ton kağız və kartonun (tərkibində mexaniki və kimyəvi üsulla alınmış lif olmayan, 1 kvadrat metrin kütləsi 40-150 qram olan kağız və karton vərəq/rulon, digərləri) 16,168 min tonu və ya 97%-i, qəzet kağızının (rulonlarda və ya vərəq şəklində) 100%-i Rusiyanın payına düşüb.