Sumqayıt şəhərində tanışını qətlə yetirməkdə təqsirli bilinən Mətləb Qədimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarov kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya gətirilib və orada vəfat edib.
Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübəhli bilinən şəhər sakini Mətləb Qədimov saxlanılıb.
Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Şəhriyar Eldarovun (1990-cı il təvəllüdlü) ölümünə - ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə səbəb olub.
İş üzrə təqsirləndirilən Mətləb Qədimov bildirib ki, sentyabrın 25-i saat 18:00 radələrində işdən evə qayıdıb və təxminən 2 saatdan sonra həyətə düşüb. Küçəyə çıxarkən qatlanan bıçağını da özü ilə götürüb. Bir qədər gəzəndən sonra qəsəbədə Şəhriyar adlı tanışını görüb. Onunla bir anlıq göz-gözə gəlib. Şəhriyar ondan niyə belə baxıdığını soruşanda, Mətləb sadəcə, gözünün ona sataşdığını deyib. Eldarov bir də belə baxmamasını tələb etdikdə, o, burada uzadılası məsələ olmadığını bildirib.
Sözlərindən əsəbiləşən Şəhriyar yaxasından tutub və sağ əli ilə başına zərbə vurub. Gödəkçəsini başına keçirərək onu döyməyə başlayıb.
Mətləb başı aşağı vəziyyətdə cibindən bıçağı çıxarıb tanışının ayaq hissəsindən vurmaq istəyib ki, onu buraxsın. Bıçağı sağ-sol istiqamətdə yellədikdən sonra Şəhriyar onu buraxıb və hadisə yerindən qaçıb.
Qeyd edib ki, onu öldürmək niyyəti olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, oğlu Şəhriyar 2008-2009-cu illərdə Beyləqan rayonunda hərbi xidmətdə olub. 2010-cu ildə ailə həyatı qurub. Bir müddət öz maşını ilə taksi fəaliyyəti göstərib. Şəhriyarla Mətləb arasında əvvəl dava və ya mübahisə olduğunu eşitməyib. Ayın 25-də xəstəxanaya çatdıqda oğlunun artıq keçindiyi eşidib. Sonradan qəsəbə sakinlərindən oğlunun Mətləb tərəfindən günahsız yerə öldürüldüyünü eşidib.
Məhkəmə prosesi zamanı Mətləb Qədimov əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edib.
Sonda məhkəmənin hökmü ilə Mətləq Qədimov 13 il müddətinə azadlıqdan məhrum olunub.